image-1a-1backend

Dağları aşmaqçün nə etməli? – Münxendən beynəlxalq ictimaiyyətə ötürülən ismarıc

image-reklam_sirab_01

(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın məqaləsini təqdim edirik)

Münxen Təhlükəsizlik Konfransından danışarkən, əlbəttə, ilk növbədə 3 il öncə – 15 fevral 2020-ci ildə Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə Münxendəki tarixi debatı yada düşür. Çünki o debatdan bir neçə ay sonra baş verən proseslər Azərbaycan Prezidentinin sözlərinin imzası qədər keçərli olduğunu bir daha bütün dünyaya nümayiş etdimiş oldu. 3 il öncəki Münxendəki debat Konfransın rəsmi saytında canlı yayımlanırdı.

ABŞ-Rusiya Fondunun prezidenti Celeste Vallanderin aparıcısı olduğu canlı müzakirə vaxtı tərəflər (o zamankı deyilişlə) “Dağlıq Qarabağ münaqişəsi”nin tarixi köklərinə nəzər salmış, “ATƏT-in Minsk qrupu” vasitəsi ilə nizamlanma məsələsinə baxışlarını açıqlamışdı. Prezident İlham Əliyevin həmin müzakirədə Paşinyan üzərində əzici və parlaq diplomatik-siyasi qələbəsi gündəm olmuşdu. İndi isə Münxen Təhlükəsizlik Konfransı tamam yeni reallıqlar fonunda keçirildi.

Bizim regiona münasibətdə o reallıqları biz özümüz yaratmışıq. Elə bir reallıq yaratmışıq ki, o, “Dağlıq Qarabağ” terminini də, “ATƏT-in Minsk qrupu”nu da çıxdaş edib! – “Minsk qrupu artıq kənara çəkilib, mövcud deyil. Ola bilər ki, yalnız kağız üzərində mövcud olsun. Ona görə də Minsk qrupunun 28 il ərzində heç bir nəticəyə nail ola bilməyən keçmiş həmsədrləri vəziyyətə hələ ki, nisbətən təsir edə bilirlər. Bu səbəbdən biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmişik. Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir”. “Dağlıq Qarabağ” termininə gəldikdə isə, bəli, Azərbaycanda erməni əhalinin yaşadığı Qarabağ iqtisadi rayonu var. Ancaq “Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir”! Yeni reallıq yeni şərtlər diktə edir. Artıq regionda duruma iki yönlü yanaşmanın vacibliyi hamı tərəfindən başa düşülür.

– Azərbaycan Prezidentinin dediyi kimi: “Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri”. Və “Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox”! – Azərbaycan KİV-lərindəki yayğın ifadə ilə desək, Vardanyan Yoxdanyan olmalıdır, başqa yolu yoxdur… Yol demişkən – o, ya rus hərbçilərinin çirkli paltarları içərisində gizlənərək aradan çıxmalı ya da qeyri-müəyyən “gələcəy”ini gözləməlidir. Bir şəxsin ki gələcəyi qeyri-müəyyəndir onun “lider”liyinin aqibəti bəllidir. Buyursun, özünü aldatmaq ona və himayədarlarına xoş gəlirsə, aldanış içində “yaşasın”…

Artıq bütün dünyaya bəlli olduğu kimi, Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ötən il 12-ci ayın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa səmtindəki keçid məntəqəsində ekoloji aksiyaya başlayandan Münxen Konfransının keçirildiyi günədək 2500-dən çox (!) nəqliyyat vasitəsi, eləcə də, ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya hərbçilərinin və “Qırmızı Xaç” təmsilçilərinin yük avtomobillərinin oradan keçidinə şərait yaradılıb. Qarabağ iqtisadi rayonu ərazisində yaşayan 100 erməni pasiyent müalicə üçün “Qırmızı Xaç” tərəfindən Ermənistana aparılıb. Ona görə də, Azərbaycan Prezidenti Münxendə dünya erməniliyinin və havadarlarının “blokada” yarlıqlı yalan maşını qarşısına sadə bir cümlə çıxardı: “Əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi”?

– “Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik”. Bəli, getdikcə daha çox ölkə, beynəlxalq qurum təmsilçiləri anlayır, qəbul edir ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Münxen Konfransının, deyə bilərik ki, digər oxşar platformaların bir səmərəsi də ondan ibarətdir ki, erməni yalanları faş olur; yalanlar, böhtanlar üzərində qurulmuş siyasət iflas edir və həqiqət Gün işığı kimi yayılır. Biz qürur hissi keçiririk ki, ədaləti öz gücü hesabına bərpa etmiş ölkənin vətəndaşlarıyıq və dövlət başçımız Azərbaycanın haqlı mövqeyini yüksək səviyyədə bəyan edir, Ermənistan liderini müharibə meydanında olduğu kimi, siyasət, diplomatiya meydanında da haqq etdiyi çıxılmaz duruma salır. Siyasi iradə və qətiyyət sahibi, tarixi və indiki mürəkkəb beynəlxalq durumu, habelə, dünyanın hara getdiyini ən yaxşı şəkildə bilən lideri olan ölkə doğrudan da bəxtiyar ölkədir. “Ərazi bütövlüyünü və ədaləti bərpa etmək, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Torpağımızın işğalı, bir milyon azərbaycanlını evindən didərgin salması, 67 məsciddən 65-nin dağıtması və onları təhqir etməsi – bütün bunlar qonşularımız tərəfindən edilib”. Dünya erməniliyi də, ilk növbədə Ermənistan hakimiyyəti də konkret şəkildə qəbul etməli, hesablaşmalıdır ki, “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar”.

– Azərbaycan liderinin bu sözləri statusun gorbagor olduğunun bir daha duyurlmasıdır. Hələ də, revanişm məzmunsuzluğundan qurtula bilməyənlər (bütün Ermənistan himayədarları) anlamalıdır ki, Azərbaycan hər nə qədər humanist ölkədirsə, bir o qədər də, öz haqq-hüquqlarını qorumağa qadir ölkədir. Unitar dövlət quruluşuna sahib Azərbaycan Respublikası qarşısında hər hansı qeyri-qanuni tələblə çıxmaq tam mənasız, məzmunsuz və perspektivsiz bir işdir. Biz acı təcrübədən bilirik ki, “sülh danışıqları bəzən çox uzanır. Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi”.

– Müzəffər Ali Baş Komandanın bu ismarıcı Ermənistan və havadarlarının hələ də qeyri-müəyyənliyi uzatmaq – sərhədlərin razılaşdırılması, sülh müqaviləsinin imzalanması prosesini ləngitmək istəyinin bizim tərəfdən qəbul edilməyəcəyinin bəyanıdır. * Bu dəfə Münxen Təhlükəsizlik Konfransı tarixində bir ilk də yaşandı. İlk dəfə, Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri eyni zamanda bir platformada görüşdü. Bundan az əhəmiyyətli olmayan digər hadisə isə Prezident İlham Əliyevin fevralın 18-də Münxendə ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşü oldu. Prezident görüşdən dərhal sonra televiziya kanallarına müsahibə verdi və görüşü konstruktiv görüş kimi qiymətləndirdi. “Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. …

Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir”. Prezident İlham Əliyevin Münxendə “Dağları aşmaq? Güney Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına verdiyi müsahibə də həm gerçəkliyin ən yüksək səviyyədə açıqlanması, həm də ictimaiyyətimizin doğru-düzgün bilgiləndirilməsi oldu. Görüşdə və müsahibədə səsləndirilmiş fikirləri ən yığcam şəkildə ifadə etməli olsaq, yenə Prezidentin öz sözlərinə müraciət etməli olarıq: “Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır.

Azərbaycan haqqın, ədalətin tərəfdarıdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik”.

DÖVLƏTİMİZ VAR OLSUN!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki