image-img-20250212-wa0041backend

Davos Forumu ölkəmizlə yeni münasibətlər qurmaq istəyən tərəfdaşlar üçün bir platformadır

image-reklam_sirab_01

Əsasən iqtisadi məsələlərin müzakirə edildiyi Davos İqtisadi Formunun siyasi əhəmiyyəti də böyükdür. Yanvarın 20-də  “Ağıllı Əsr üçün Əməkdaşlıq” mövzusunda öz işinə başlayan və dörd gün davam edən Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edib. Dünya iqtisadiyyatında yeni texnologiyaların tətbiqi, insan kapitalının inkişafına investisiya qoyuluşu, iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyi,  sosial və iqtisadi dayanıqlıq məsələləri Forumda əsas müzakirə mövzularından olub.

Davos İqtisadi Forumunda iştirak Azərbaycan üçün müntəzəm xarakter daşıyır. Azərbaycanın tarixi Zəfəri, dövlətimizin hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər istiqamətlərində əldə etdiyi uğurlar qədər bütün forumlar zamanı bizə göstərilən münasibət onun gücündən və nüfuzundan xəbər verir. Dövlətimizin başçısının Davosda keçirdiyi görüşlər, verdiyi müsahibələr, iclaslardakı çıxışları Forumun əhəmiyyətini daha da artırır. Forumun hər iclasına qatılan Prezident İlham Əliyevin çıxışları və Forum çərçivəsində bəzi xarici KİV-nə verdiyi müsahibələri böyük maraqla izlənilir. Davosda qarşı tərəflərin istəyi ilə keçirilən görüşlər Azərbaycan Liderinin böyük nüfuzunun göstəricisidir. Azərbaycan Prezidenti ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, idarəetmədəki yeniliklər barədə həm mətbuata müsahibələrində, həm də iclaslardakı çıxışlarında geniş məlumat verir. Strateji nəqliyyat qovşağının yaradılması, enerji sektorunda, xüsusilə də yaşıl enerjiyə keçidlə bağlı görülən işlər, neft və qeyri-neft sektorunun inkişafı üçün yaradılan investisiya mühiti barədə iştirakçılar bilgiləndirilir.
İsveçrəyə səfəri çərçivəsində dövlətimizin başçısı yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Ölkəmizin başçısı bu müsahibədə digər məsələlərlə bağlı Cin Xalq Respublikası ilə mövcud əlaqələrə də toxunub. Qeyd edilib ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş olublar. Ötən ilin yayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addım sayılmalıdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Bununla əlaqədar Ölkəmiz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayır.
Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, isə qeyd edilməlidir ki, Azərbaycanın bu təşkilatdakı statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, Azərbaycanın coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaqdır. Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik.
Ölkə başçısı öz müsahibəsində qeyd edib ki, “Əlbəttə ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”.
Azərbaycan iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğu görüldü. Bundan hamı, o cümlədən Azərbaycan da ciddi əziyyət çəkir. Ölkə başçısının vurğuladığı kimi “Lakin elə ölkələr var ki, – xüsusilə kiçik ada dövlətləri, – onların mövcudluğuna təhlükə var. Bəzən onların məsələsi gündəliyə daxil olmur, biz isə bunu etdik. Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir”.
Prezident İlham Əliyev öz müsahibəsində həm də qeyd edib ki, “Sədr Sini daha yaxşı tanıyıram, çünki onunla dəfələrlə görüşmüşəm. Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ona görə də biz həmin telefon danışığı barədə xəbər aldıqda bundan məmnun olduq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək”.
Cənubi Qafqazın lider ölkəsi mövqeyinə malik Azərbaycandır. Bu gün texnologiyanın səmərəliliyini artırmaq, davamlılığı təşviq etmək və beynəlxalq ticarətdə inklüzivliyi təşviq etmək əsas istiqamətlərdən biridir. Ənənəvi resurslarla yanaşı, bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi əsas hədəflərdən biridir.
Davos İqtisadi Formunun siyasi əhəmiyyəti də böyükdür. Forum siyasətçilər, dövlətlər, qeyri-dövlət aktorları, sosial tərəfdaşları cəmləyən bir forumdur. Bütün forumlar zamanı görürük ki, Azərbaycana, onun Liderinə çox böyük hörmət var və dövlət başçımızla görüşmək istəyən şəxslərin sayı hər il olduğu kimi, bu il də çoxdur. Forum zamanı cənab Prezident İlham Əliyevin qarşı tərəflərin istəyi ilə keçirdiyi görüşlər Azərbaycana, onun Liderinə olan böyük etimadın göstəricisidir. Dövlətimiz bu etimadı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində qazanıb.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image