image-1backend

Deputat: Avropa Parlamenti Cənubi Qafqazda sülhə mane olmağa çalışır

image-reklam_sirab_01

Xocalı faciəsinin ildönümü ərəfəsində Ermənistan – Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsi adından verilmiş Bəyanat növbəti dəfə Ermənistanın ölkəmizə qarşı düşmənçilikdən, Avropa Parlamentinin isə siyasi ikiüzlülükdən və korrupsiyadan əl çəkmədiyini bir daha göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev parlamentin fevralın 28-də keçirilən iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, bu bəyanat onu göstərir ki, baş nazir Paşinyan bir tərəfdən Ermənistan hakimiyyəti adından sülhdən danışdığı halda digər tərəfdən ölkəmizə qarşı böhtan və iftira xarakterli qarayaxma kampaniyaları təşkil etdirir. Avropa Parlamenti isə ölkəmizə qarşı qərəzli niyyətlərini guya “bölgəyə sülh gətirmək istəyi” adı altında pərdələməyə çalışır. Avropa Parlamentində atılan addımlar bir daha sübut edir ki, Avropa Cənubi Qafqazda sülhün bərqərar olunmasına qarşı çıxır və hər vəchlə buna mane olmağa çalışır.

“Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinə həmsədrlik etdiyim 5 il müddətində Avropa parlamenti üzvlərinin davranışlarını yaxından müşahidə etmiş bir şəxs kimi deyə bilərəm ki, Avropa parlamentində erməni məsələsini gündəmə gətirən, Azərbaycana qarşı böhtan və iftiralar səsləndirən bütün deputatlar erməni diasporu tərəfindən korrupsiya əməllərinə cəlb olunmuş şəxslərdir. Əgər Avropa özlərinin iddia etdiyi kimi qanunun aliliyinin hökm sürdüyü bir məkandırsa, o zaman Avropanın hüquq-mühafizə orqanları erməni lobbi təşkilatları ilə korrupsiya cinayətinə girmiş avropalı deputatlarla hüquq müstəvisində məşğul olmalıdırlar. Əgər Avropa hüquq-mühafizə orqanları bunu etmirlərsə, deməli Avropada “qanunun aliliyi” və “korrupsiyaya qarşı mübarizə” saxta şüarlardan başqa bir şey deyil”, – deyə C.Feyziyev əlavə edib.

O diqqətə çatdırıb ki, Ermənistanın bu ikiüzlü siyasəti Paşinyanın da beynəlxalq ictimaiyyətə ciddi-cəhdlə təlqin etməyə çalışdığı “erməni sülhpərvərliyi”nin saxta olduğunu göstərir. Biz bu saxtakarlığı cavabsız qoymamalıyıq və qarşılığında sülh bağlanması üçün aparılan danışıqlarda şərtlərimizi sərtləşdirməliyik. Bir halda ki, Ermənistan məhz Xocalı soyqırımı ərəfəsində ölkəmizə qarşı bu təxribatı təşkil edib, biz də məhz bu faciəsinin törədilməsində birbaşa və dolayısı ilə iştirak etmiş Zori Balayanın, Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarkisyanın, Seyran Ohanyanın, Vitali Balasanyanın, Samvel Babayanın və digərlərinin Azərbaycana təhvil verilməsini tələb etməlidir. Eyni zamanda, bu tələbimizi bağlanması nəzərdə tutulan sülh müqaviləsinin mətnində Ermənistanın öhdəliyi kimi əks etdirməliyik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image