image-reklam-veteninfo
image-1backend

DSMF-də 122,2 MİLYON NİYƏ “GİZLƏDİLİB”? – Hesablama Palatası aşkarladı, ancaq…

image-reklam-veteninfo

Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə fəaliyyətinə dair apardığı audit yoxlamaları ciddi maliyyə uyğunsuzluqlarını üzə çıxarıb. Məlum olub ki, Fondun hesabatlarında milyonlarla manatlıq investisiya gəlirləri yenə də tam əks olunmayıb.

Hesablama Palatasının audit hesabatından görünür ki, proses zamanı toplanmış sübutlar və maliyyə göstəricilərinin təhlili bəzi daxilolmaların rəsmi sənədlərdən kənarda qaldığını göstərib. Belə ki, investisiya fəaliyyətindən əldə edilmiş gəlirlər üzrə vəsaitlər daxilolma və xaricolmalara dair hesabatlara daxil edilməyib və nəticədə 122,2 milyon manat məbləğində az göstərilib.

Bu rəqəm təbii ki, yalnız texniki səhv və ya sadə rəqəm uyğunsuzluğu kimi qəbul edilə bilməz. DSMF-nin və İşsizlikdən Sığorta Fondunun investisiya fəaliyyəti üzrə gəlir və xərclərinin müvafiq büdcələrdə tam əks etdirilməməsi sual doğurur…

Audit yoxlamalarının ən çox diqqət çəkən və narahatedici məqamı bu nöqsanın ilk dəfə qeydə alınmamasıdır. Aparılan araşdırmalar göstərir ki, əvvəlki auditlə müəyyən edilmiş eyni xəta 2025-ci ildə də təkrar olunub.

İllər üzrə eyni maliyyə intizamsızlığının təkrarlanması Fond daxilindəki daxili nəzarət mexanizmlərinin, uçot və hesabatlılıq sisteminin müəyyən problemlərin olduğunu göstərir.

Qeyd edək ki, DSMF Hesablama Palatasının sözgedən hesabatı ilə bağlı “AzPolitika”nın sorğusunu cavablandırmayıb.

Qanunvericiliyə görə, DSMF-nin sərəncamında olan sərbəst vəsaitlər təhlükəsizlik, gəlirlilik və likvidlik prinsipləri əsasında dövlət qiymətli kağızlarında (istiqrazlarda) və ya səlahiyyətli dövlət banklarının depozitlərində yerləşdirilir. Bu investisiyalardan əldə edilən faiz və divident gəlirləri birbaşa sosial təminat sisteminin maliyyə dayanıqlığını artırmalıdır.

Xatırladaq ki, Hesablama Palatası hər il dövlət qurumlarının audit nəticələrini Milli Məclisə təqdim edir və qanunvericiliyin pozulması, eləcə də cinayət tərkibi əlamətləri olan hallarda materialları Baş Prokurorluğa göndərir. Bununla belə Palatanın ümumi illik hesabatlarında bəzi dövlət qurumlarının yoxlama materialları Baş Prokurorluğa göndərilsə də, DSMF-nin 122,2 milyon manatlıq investisiya gəlirlərini hesabatda əks etdirməməsi halı birbaşa maliyyə hesabatlılığı, uçot qaydalarının pozulması və daxili nəzarət zəifliyi kateqoriyasına (inzibati və maliyyə intizamı pozuntusu) daxil edilir. Bu, dərhal cinayət işi açılması üçün prokurorluğa göndərilən mənimsəmə faktından daha çox, hesabat təhrifi və uçot intizamının pozulması kimi qiymətləndirilir. Lakin Palata tərəfindən rəsmən tənqid olunaraq aradan qaldırılması tələb edilir.

Ekspertlər hesab edir ki, bu cür halların qarşısının alınması üçün qanunvericilik və nəzarət mexanizmləri sərtləşdirilməlidir. İlk növbədə büdcə sistemi haqqında qanunvericiliyə uyğun olaraq, dövlət fondlarının sərbəst vəsaitlərinin investisiya gəlirləri birbaşa və ən sərt uçot meyarları ilə rəsmi hesabatlara inteqrasiya olunmalıdır.

Eyni nöqsanı ildən-ilə təkrar edən qurumdaxili məsul şəxslər və maliyyə idarəçiliyi üzrə cavabdeh şəxslər qarşısında inzibati məsuliyyət məsələsi qətiyyətlə qaldırılmalıdır.

Hesablama Palatasının aşkar etdiyi bu 122,2 milyon manatlıq uyğunsuzluq bir daha göstərir ki, sosial fondların maliyyə intizamı və şəffaflığı üzərində nəzarət daha da gücləndirilməlidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki