Ermənistan və Rusiya arasında “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin konsessiya idarəçiliyinin səmərəliliyinə dair məsələlərin müzakirəsi məqsədilə yaradılmış birgə işçi qrupunun ilk iclası keçirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti “Armenpress”ə məlumat verib.
İrəvanda keçirilən görüşdə işçi qrupunun rəhbəri, nazir müavini Davit İvanyan Ermənistan hökumətinin dəmir yolu şəbəkəsinin inkişafı və regional kommunikasiyaların bərpası ilə bağlı mövqeyini təqdim edib. O, bu istiqamətlərin həm Ermənistan, həm də bütövlükdə regionun iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb.
Rusiya nümayəndələri isə dəmir yolu şəbəkəsinin inkişafı və yükdaşımaların artırılması perspektivləri ilə bağlı öz qiymətləndirmələrini bölüşüblər. Müzakirələr zamanı regionda rəqabət, mövcud infrastrukturun ötürücülük imkanları və investisiyaların gəlirliliyinin təmin edilməsi məsələlərinə diqqət yetirilib.
Görüşün yekununda tərəflər işçi qrupunun fəaliyyətini davam etdirmək və qarşıya qoyulan məsələlərin həlli üçün müntəzəm görüşlər keçirmək barədə razılığa gəliblər.


























