Hindistanın paytaxtı Yeni Dehlidən Ermənistana uçan yük təyyarəsi mühərriklərindən birində yaranan texniki nasazlıq səbəbindən İranın paytaxtı Tehrana təcili eniş edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran mətbuatı “Roozno” nəşrinə istinadən məlumat yayıb.
Məlumata görə, “SolitAir” şirkətinə məxsus Boeing 737-800 tipli, A6-SHA qeydiyyat nişanlı təyyarə SH6011 reysi ilə Yeni Dehlidən İrəvana uçarkən mühərriklərindən birində nasazlıq yaranıb. Nəticədə hava gəmisi marşrutunu dəyişərək Tehrandakı Mehrabad Beynəlxalq Hava Limanına enib.
Təyyarə təxminən 6 saat 6 dəqiqəlik uçuşdan sonra Tehrana çatıb. Burada dörd saatlıq dayanacaq zamanı texniki nasazlıq aradan qaldırılıb.
Daha sonra uçuşunu davam etdirən təyyarə təxminən 1 saat 29 dəqiqə ərzində İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanına eniş edib.
Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.


























