image-1backend

Ev almaq istəyənlərin NƏZƏRİNƏ! İlin ikinci yarısında…

image-reklam_sirab_01

2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb. İlkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb.

Ekspertlərin öncədən də proqnozlaşdırdığı kimi, mənzil fondunun yenilənməsi ilə bağlı qiymət artımı gözlənilən idi. Digər səbəblərə gəlincə, vergilərin artması, şəhərsalma qaydalarına əlavə olunmuş şərtlərin daha da ciddiləşməsi kimi amillər də daşınmaz əmlak bazarına təsirsiz ötüşmür.

Bir çox ekspert hesab edir ki, bu il də qiymətlərin aşağı düşməsi ehtimalı yoxdur.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov  açıqlamasında xatırladıb ki, 2024-cü ilin sonunda 5-10 faiz civarında qiymət artımı müşahidə olundu.

Ekspert vurğulayıb ki, qiymət artımı daha çox Bakı şəhərində, Ağ Şəhər, “See Breeze” layihələrində qeydə alınıb:

“Sözügedən layihələrdə 15-20 faizlik qiymət artımı olub. Lakin qiymət artımını bütün daşınmaz əmlak bazarına aid etmək olmaz. Söhbət yüksək tələbat olan ərazilərdən gedir. Yeni tikililərdə qiymət artımı orta hesabla 10 faiz, digər müxtəlif seqmentlərdə isə 5-7 faiz arasındadır”.

Kirayə bazarındakı qiymətləri şərh edən ekspert bildirib ki, Bakıda keçirilən COP29 tədbiri ilə bağlı qiymətlər qısamüddətli olsa da, 2-3 dəfə artdı.

O ki qaldı ipoteka krediti vasitəsilə əldə olunan daşınmaz əmlaka, Elnur Azadov tələbin təxminən iki dəfə artdığını qeyd edib:

“İpoteka və Kredit Zəmanət Fondu ayrılmış büdcəni tam istifadə etdi. Hətta noyabr ayının əvvəlində ikinci dəfə büdcə ayrıldı. Ümumi bazara ciddi təsir göstərməsə də, torpaq sahəsinin məhdud olduğu bəzi bölgələrdə hətta 25 faizlik artım müşahidə olunub.

Regionlarda qiymət artımı nisbətən aşağı olub. Məlum olduğu kimi, Bakı şəhərinin Baş planı bir ildən çoxdur ki, ictimaiyyətə təqdim olunub. Lakin tikinti şirkətləri arasında rəqabət olduqca azdır. Son 3 ildə rəqabət az olduğu üçün tikinti şirkətləri qalıq mənzillərin qiymətini normadan artıq qaldırdı. Bu da daşınmaz əmlak bazarına əks təsir edirdi.

Proqnoz edilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin ikinci yarısında tikinti şirkətlərinə icazələri verməyə başlayacaq. Əgər bu baş versə, tikinti şirkətləri arasında rəqabət yüksələcək, nəticədə ilin sonunda qiymətlər daha stabil olacaq. Əgər bu proses geciksə, yaxud zəif templə getsə, qiymət artımı mənzillər üçün orta hesabla Bakı, Abşeron, Sumqayıtda 10 faiz civarında olacaq.

Onu da qeyd etmək lazımdır ki, bir çox ərazidə – Qara Qarayev, Qaraçuxur, Yasamal, Alatava, Nəsimi, Binəqədidə köhnə yaşayış fondunun, 2,3,5 mərtəbəli binaların sökülməsi nəzərdə tutulub. Əgər bu proses aktiv gedərsə, icarə qiymətlərinin ilin ikinci yarısında ən azı 20 faiz artması qaçılmazdır. Pilot layihələrə düşən binaların sökülməsinə başlansa, icarə evlərinə tələbat kəskin artacaq”.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image