Hər bir xalqın mövcud olması və inkişaf etməsi o xalqın milli xüsusiyyətlərinin güclü tərəflərinin tarixin çətin məqamlarında qalib qəlmək üçün həlledici olması və həlledici məqamlarda öz liderini yetişdirmək üçün milli potensialının olması hesabına baş vermişdir. Güclü liderlərə və güclü milli xüsusiyyətlərə malik olmayan xalqlar güclü dövlət qura bilməməmiş, tarixin səhnəsindən silinmiş və ya sahib olduqları dövlət zəif inkişaf etmişdir.
XX əsrn əvvəllərində Şərqdə ilk demokratik dövlət quran Azərbaycan xalqı 2 il sonra bu müstəqilliyini itimiş və zorla sovet ittifaqının tərkibinə qatılmışdır. Bütün resursların ittifaq məqsədinə xərcləndiyi bir şəraitdə keçən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatı yoxsul, primitiv və bərbad vəziyyətə düşmüşdü. İqtisadiyyatın 85%-i yanacaq sənayesinin hesabına formalaşır, respublika SSRİ-də ən geridə qalmış region vəziyyətinə düşmüşdü. Əhali də yoxsul yaşamaqdan bezmişdi. Belə bir şəriatdə SSRİ rəhbərliyində Azərbaycan respublikasının özünü doğrultmadığı, onun ərazisinin Ermənistan, Gürcüstan və Dağıstan arasında bölünməsi ideyası müzakirə olunurdu. Belə bir şəraitdə
ulu öndər Heydər Əliyev belə bir Azərbaycana rəhbər təyin edilməsi ölkəmizin taleyini dəyişdirdi və onu yox olmaqdan xilas etdi.
15 il sonra Azərbaycan artıq SSRİ respublikalari arasında ən sürətlə inkişaf edən, iqtisadi gücü yetərincə olan, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. 1980-ci illərin ortalarında Rusiyadan sonra yalnız Azərbaycan özü-özünü iqtisadi cəhətdən təmin edə bilən hala gəlmişdi. Yaradılan iqtisadi potensial və iqtisadi infrastktur ölkənin gələcəyinə hesablanmışdı. Bütün bunlar Heydər Əliyevin yorulmaz fəaliyyəti və Azərbaycan xalqı qarşısında müstəsna və tarixi xidməti idi. O vaxtlar üçün bu nəticə möcüzə sayılırdı, çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki, Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin.
Amma yaradılan bu iqtisadi potensial artıq hər bir azərbaycanlının şüurunda müstəqil ola bilmək inamını yaratmaqda idi. Azərbaycanın müstəqil ola bilməsinə və müstəqil inkişafına getdikcə daha çox insan inanmağa başlayırdı. Heydər Əliyev həm də bu insanların təqiblərdən qorunub saxlanılması missiyasını həyata keçirirdi.
Elmi araşdırmalara görə, xalqların müstəqillik arzuları onların iqtisadi güc və potensialları ilə birbaşa bağlıdır. İqtisadi güc bu arzuların reallaşa biləcəyi inamını sonsuz olaraq artırır. Bu cəhətdən əminliklə demək olar ki, 80-ci illərin sonunda Azərbaycanda yaranan milli-azadlıq hisslərinin formalaşmasında, “AZADLIQ!” kəlməsinin hayqırtı ilə deyilməsində Heydər Əliyevin və onun yaratdığı iqtisadi potensialın müstəsna və həlledici rolu olmuşdur!
Azərbaycan xalqı məhz bu inamla öz müstəqilliyini tələb etdi. Onlar məhz bu inamla 20 yanvarda tanklar qarşısında dayandılar və müstəqilliyini əldə etdilər.
80-ci illərin sonu və 90-cı illərin əvvəli ölkənin səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində yenidən dağılmağa, iflas olmağa başlayan Azərbaycanı Heydər Əliyev artıq 2-ci dəfə, bu dəfə müstəqil olmağı bəyan etmiş Azərbaycanı yox olmaqdan xilas etdi və onu müstəqil etdi. O əvvəlcə Naxçıvanda milli bayrağımızı dalğalandırmaqla bu dəfə insanlarda müstəqillik inamını öz şəxsinə olan inamın hesabına gücləndirməyə nail oldu. Daha sonra 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi. O şəxsiyyətinə olan inam və öz şəxsi zəmanəti hesabına Azərbaycan iqtisadiyyatını dünyaya inteqrasiya etdi, kəmərlər, yollar inşa etdi. Azərbaycanı parçalamaq, zəif görmək, milli ləyaqətimizi daim alçaltmaq istəyənlərin arzularını əbədi olaraq gözlərində goydu.
Bu il Heydər Əliyevin anadan olmasının 100 illiyidir. 100 il bundan öncə bu torpaqlarda faciə yaşanırdı. Dövlətimiz işğal olumuş, milli ziyalılarımıza qəsdlər olunmuş, milli bayrağımız endirilmişdir. Belə bir şəraitdə Uca Tanrı Azərbaycan xalqına bu müstəqilliyi bir daha bəxş edəcək və bu dəfə onu əbədi edəcək bir övlad bəxş etdi.
Bütün gözəl, bənzərsiz, müqəddəs işlər insandan hünər istəyir. Ona görə də zamanın səviyyəsində yaşayıb fərdi, xalqı və dövləti müstəqilliyə tam çatdırmaq mümkün deyil. HEYDƏR ƏLİYEV – Zamanın səviyyəsindən yüksək şəxsiyyət idi. O sanki bu günü və bundan sonrakı sabahı görüb dünəndə fəaliyyət göstərirdi.
Öz müstəqilliyi ilə dostlarımızı sevindirən, rəqiblərimizi çəkindirən, düşmənlərimizi məyus edən, Qarabağı azad edən, bayrağımızı Şuşada dalğalandıran bu günkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Onun layiqli davamçısı müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir. Artıq hər kəs bilir və sonsuz olaraq inanır ki, bu gün 100 ildir, sabah 1000 il olacaq.
Tahir Mirkişili,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri