II dünya müharibəsi dövründə formal olaraq neytrallığını qoruyan İsveçrə, İsveç, İspaniya, İrlandiya və Portuqaliyanın almanlarla çox səmərəli əməkdaşlığı olub. Onlar Hitler rejimini xammal, ərzaq, hazır məhsul, bəzən də silah-sursatla təmin ediblər. Odur ki, bu dövlətlər müharibə dövründə yaxşı pul qazanıblar.
Şəxsi heç nə yoxdur, sadəcə biznes
Müharibə vaxtı İsveçrə almanların qızıl və digər qarət olunmuş qiymətli əşyalarını saxlayıb və müxtəlif xarici əməliyyatların maliyyələşdirilməsində iştirak edib. İsveç əsasən yəhudi qaçqınlar adı altında yüksək rütbəli SS-çilərin “aradan çıxması” üçün işlər görüb. Portuqaliya və İspaniya isə Latın Amerikasından Reyxin yanacaq və ərzaq reeksportunu təmin edib.
Ötən əsrin 30-cu illərində maliyyəçi Antonio de Oliveyra Salazar hakimiyyətə gələn kimi Avropanın ən geridə qalmış ölkəsi olan Portuqaliyanın iqtisadiyyatını dirçəldib. Salazar hələ müharibədən əvvəl Avropanın ən inkişaf etmiş ölkələri olan Almaniya və İngiltərə ilə ticarət əlaqələri qurub.
Avropada münaqişənin başlamasından sonra Salazar köhnə ticarət tərəfdaşları ilə fəal əlaqələr saxlayaraq Portuqaliyanın neytrallığını elan edib. Lissabon ilk növbədə satdığı volframın yarısını ingilislərə və amerikalılara, digər yarısını isə kəsici alətlər, eləcə də tank əleyhinə döyüş sursatları üçün ağır metala ciddi ehtiyacı olan almanlara verib.
Bu sahil ölkəsi ilə 3-cü Reyxə Venesuela nefti, eləcə də Braziliyadan, Argentinadan və digər Latın Amerikası ölkələrindən ərzaq daşınıb. Necə deyərlər: “Şəxsi heç nə yoxdur, sadəcə biznes”.
Salazarın özü Hitlerə rəğbət bəsləsə də, qəti şəkildə müharibəyə girmək istəməyib. Fürer Portuqaliyanın hələ XIV əsrdə dostluq müqaviləsi imzaladığı İngiltərəyə yaxınlaşacağından qorxaraq Salazara çox təzyiq göstərməyib.
Belə əməkdaşlıq sayəsində Portuqaliya büdcəsini çox yaxşı doldurub. Təkcə ölkənin qızıl ehtiyatları 7 dəfə artdığı üçün təbii ki, portuqallar bu vəziyyətdə mübarizə aparmaq istəməyib. Bununla belə, İspaniyanın “Mavi diviziya”sında 195 nəfər könüllü olaraq sovet əsgərlərinə qarşı döyüşüb.
Salazarın neytrallığı ingilislər üçün də faydalı olub. Hətta “Life” jurnalı onu “Dünyanın ən yaxşı diktatoru” adlandırıb. Hələ 1940-cı ildə ingilislər Salazara Oksford Universitetinin fəxri doktoru adını veriblər. Bu şərəf almanların hücumu riski altında olan Cəbəllütariqdən 2500 ingilis hərbçisinin təxliyəsinə köməklik göstərdiyinə görə verilib.
Daha sonra Avropadan ABŞ-a qaçqın axını məhz İspaniya və Portuqaliya vasitəsilə baş verib. Qaçqınların da əksəriyyəti yəhudi olub. Minlərlə qaçqın nasistlərdən qurtulmağa çalışıb. Odur ki, yəhudilərin “ixracı” da portuqallar üçün yaxşı qazanc yeri olub.
İkili siyasət, Hitlerin ölümü ilə əlaqədar matəm
II dünya müharibəsinin sonunda nasistlər Portuqaliyaya getməyə üstünlük veriblər. Hazırda heç kim bilmir ki, nə qədər hərbi cinayətkar Pireney yarımadasından keçərək Çiliyə, Braziliyaya və Argentinaya qaçıb.
Almaniyanın məğlubiyyətinin qaçılmazlığı məlum olduqda, Portuqaliya müttəfiqlər “yüksək” xidmətlər göstərməyə başlayıb. 1943-cü ildə Salazar Azor adalarındakı ərazini hərbi baza üçün ingilislərə satıb. Bu baza nasistlərin sualtı qayıqlarına qarşı mübarizə üçün mühüm dayaq nöqtəsi olub. 1944-cü ildə Portuqaliya amerikalılara Azor adalarındakı bazadan istifadə etməyə icazə verib.
Halbuki, vermaxtın SSRİ-yə hücumu məlum olanda Salazar Portuqaliya xalqı adından Hitlerin qərarını tam şəkildə bəyənərək bu hadisəni alqışlayıb. Hitlerin öldüyü məlum olanda Salazar nasist lideri üçün rəsmi iki günlük matəm elan edib. Qərb müttəfiqləri isə heç nə olmamış kimi davranıblar. Odur ki, Qərbin ikili siyasəti elə də gənc deyil və maraqlar fonunda mütəmadi olaraq dəyişir.Musavat.com