Konrad Kuyau Adolf Hitlerin gündəliklərini saxtalaşdıraraq Almaniyanın nüfuzlu “Stern” jurnalına satan və bununla dünya miqyasında qalmaqala səbəb olan şəxs kimi tarixə düşüb. Onun hazırladığı saxta sənədlər jurnalın milyonlarla alman markası itirməsinə, rəhbərliyin isə ciddi nüfuz zərbəsi almasına səbəb olub.
Konrad Kuyau 1938-ci ildə Almaniyada anadan olub. Valideynlərinin hər ikisi nasist partiyasının üzvü olduğundan o, nasist ideologiyasına rəğbət bəsləyən mühitdə böyüyüb.
İkinci Dünya müharibəsindən sonra kommunistlərin hakimiyyətdə olduğu Şərqi Almaniyada yaşayan Kuyau 1950-ci illərin sonlarında Qərbi Berlinə, daha sonra isə Qərbi Almaniyaya köçüb.
Rəssamlıq qabiliyyəti olan Kuyau Ştutqartda azmaaşlı işlərdə çalışmaqla yanaşı, saxta əşyalar hazırlamaqla məşğul olub. Saxta nahar talonuna görə beş gün həbsdə yatıb. Sonrakı illərdə də saxta sənədlərdən istifadə və silahla hədələmə kimi əməllərə görə bir neçə dəfə həbs olunub.
Nasist yadigarlarından saxta gündəliklərə
1974-cü ildə icarəyə götürdüyü mağazada nasist dövrünə aid əşyalar satmağa başlayan Kuyau qısa müddətdə saxtakarlıqla da qazanc əldə etməyə çalışıb.
O, adi hərbi dəbilqəni Adolf Hitlerin istifadə etdiyi əşya kimi təqdim edir, bəzi əşyaların üzərinə nasist liderlərinin imzalarını təqlid edərək yazır, özünün çəkdiyi rəsmləri isə Hitlerin əsərləri kimi satışa çıxarırdı.
Lakin Kuyaunu dünya miqyasında məşhurlaşdıran onun hazırladığı saxta “Hitlerin gündəlikləri” oldu.
Kuyau sonradan ilk gündəliyi 1978-ci ildə yazdığını bildirib. O, Şərqi Berlindən ucuz qiymətə aldığı dəftərlərdən birini seçərək üz qabığına qızılı rəngdə “AH” hərfləri əvəzinə səhvən “FH” hərflərini yerləşdirib. Həmin hərflər plastikdən hazırlanmışdı və Honkonqda istehsal olunmuşdu.
Saxtakarlığın daha inandırıcı görünməsi üçün Kuyau əsl SS sənədindən qara lent götürərək onu üz qabığına bərkidib. O, həmçinin alman ordusuna aid mum möhüründən istifadə edib.
Gündəliklərin mətnini yazmaq üçün qara və göy rəngli mürəkkəbi su ilə qarışdırıb. Məqsədi yazının köhnə görünməsini təmin etmək idi. Hitlerin istifadə etdiyi güman edilən qotik alman xəttini təqlid etmək üçün isə təxminən bir ay məşq edib.
“Stern” jurnalının milyonlarla markalı səhvi
Kuyau ilk saxta gündəliyini kolleksiyaçılardan birinə satıb. 1980-ci ildə bu gündəliklərdən xəbər tutan “Stern” jurnalının jurnalisti Gerd Heydemann onunla əlaqə saxlayıb.
Kuyau Heydemanna gündəliklərin Şərqi Almaniya ordusunda general olmuş qardaşının əlində olduğunu deyib. Jurnalist isə bu sənədlərin qalan hissəsini əldə etmək üçün onunla razılığa gəlib.
Sonrakı iki il ərzində Kuyau daha 61 cild saxta gündəlik hazırlayaraq Heydemanna satıb. Bunun müqabilində təxminən 2,5 milyon alman markası alıb. Heydemann isə gündəliklərə görə çalışdığı “Stern” jurnalından 9 milyon alman markası əldə edib.
Jurnal rəhbərliyi sənədləri böyük bir silsilə material şəklində dərc etməyi planlaşdırırdı. Lakin 1983-cü il aprelin 28-də və mayın 5-də yalnız iki yazı yayımlandı.
Qısa müddət sonra gündəliklərin saxta olması ilə bağlı ciddi şübhələr yarandı. Aparılan araşdırmalar və ekspertizalar sənədlərin həqiqiliyini şübhə altına aldı. Nəticədə “Stern” nəşri layihəni dayandırmağa və ictimaiyyət qarşısında üzr istəməyə məcbur oldu.
Beləliklə, jurnalın böyük məbləğ ödədiyi sənədlər XX əsrin ən məşhur media qalmaqallarından birinə çevrildi.
1985-ci il iyulun 8-də məhkəmə Konrad Kuyaunu 4 il 6 ay, Gerd Heydemannı isə 4 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə “Stern” jurnalının da hadisədəki rolunu sərt tənqid edib. Qərarda nəşrin sənədlərin həqiqiliyini lazımi səviyyədə yoxlamadan hərəkət etməklə, faktiki olaraq, dələduzluğa şərait yaratdığı vurğulanıb.
Təxminən üç il həbsdə qaldıqdan sonra azadlığa çıxan Kuyau gözlənilmədən ictimaiyyətin diqqət mərkəzində qalıb. O, televiziya proqramlarına dəvət edilir, saxtakarlıq mövzusunda çıxışlar edirdi.
Daha sonra öz rəsm qalereyasını açaraq Klod Mone, Vinsent van Qoq və Qustav Klimt kimi məşhur rəssamların əsərlərinə bənzər rəsmlər çəkib satmağa başlayıb. Bu dəfə isə əsərlərin saxta olduğu gizlədilmirdi. Əksinə, onların Konrad Kuyau tərəfindən saxtalaşdırıldığı açıq şəkildə göstərilirdi.
Onun adı ilə bağlı yaranan şöhrət o qədər artmışdı ki, alıcılar bu cür rəsmlərə maraq göstərirdilər. Hətta başqa saxtakarlar da Kuyaunun adından istifadə edərək onun saxtalarının saxtalarını hazırlayıb satmağa başlamışdılar.
Konrad Kuyau 2000-ci ildə mədə xərçəngindən vəfat edib.
“Stern” jurnalının ödədiyi milyonlarla marka müqabilində əldə etdiyi 60-dan çox saxta gündəlik uzun müddət nəşriyyatın arxivlərində saxlanılıb. Qalmaqalın yenidən gündəmə gəlməsinin qarşısını almaq məqsədilə onların mətnlərinin yayılmasına məhdudiyyət qoyulmuşdu.
Lakin hadisədən 40 il sonra, 2023-cü ildə Almaniyanın NDR yayım şirkəti gündəliklərin tam mətnini rəqəmsallaşdıraraq tarixçilərin şərhləri ilə birlikdə internetdə yayımlayıb.
Beləliklə, vaxtilə Hitlerin şəxsi qeydləri kimi təqdim edilən və milyonlarla markaya başa gələn sənədlər tədqiqatçılar və ictimaiyyət üçün əlçatan olub.
Yadigar Sadıqlı


























