image-turk456852147963backend

İllərdir həllini tapmayan problem: Ortaq Türk Əlifbası – Prosesə əngəl olan kimlərdir?

image-reklam_sirab_01

Türkdilli dövlətlər arasında münasibətlərin, əlaqələrin gücləndirilməsi, dərinləşdirilməsi çox sevindirici haldır. Yaşadığımız dövrdə türk xalqları üçün ortaq türk ədəbi dilinin yaradılmasına böyük ehtiyac duyulur. Ortaq dil yaratmaq artıq zamanın tələbidir və bu sahədə ciddi addımların atılmasının vaxtı artıq yetişmişdir.

Ulusal.az xəbər verir ki, XX əsrin əvvəllərində həm Türkiyədə, həm də Azərbaycanda milliyyətçi qüvvələr türkçülüyü böyük bir hərəkata çeviriblər. Bu hərəkatın ön-cülləri Yusuf Akçura, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp, İbrahim Şinasi, Namiq Kamal, Bəkir Çobanzadə idi.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu qeyd edib ki, ortaq əlifba məsələsi illərdir ki, müzakirə olunan mövzudur:

“Ortaq türk əlifbasının hazırlanmasına baxmayaraq, qəbul olunmayıb. Özbək əsilli türk tarixçisi və politoloqu Timur Kocaoğlu 35 hərfdən ibarət əlifba hazırlamışdı. O əsasən bizim əlifbamızı və sağır nun-u götürmüşdü. Bu əlifba məsələsinə çox müsbət yanaşıram. Geci, tezi var. Mütləq ki, olmalıdır. Ortaq dil iqtisadiyyat və siyasətlə yanaşı humanitar sahə üçün də çox lazımdır. Ortaq ünsiyyət olduqca vacibdir. Hətta o vaxtı orfaqrafiya qaydalarını hazırlayanda “-iyyat” və “-iyyət” şəkilçilərini tək “y” ilə olmasını təklif etmişdik. Məsələn “əsgər” sözünü türklərdə olduğu kimi “əskər” ilə yazmaq istəyirdik”.

Əli bəy Hüseynzadə “Həyat” qəzetinin 1905-ci il tarixli 7 saylı buraxılışında nəşr etdirdiyi “Qəzetəmizin dili haqqında bir neçə söz” adlı məqaləsində rus, ərəb və fars sözləri ilə Azərbaycan dilini “çirkləndirənləri” kəskin tənqid edərək bu yersiz alınmaların qarşılığında türk sözlərinin işlənməsinin ortaq dil birliyinə səbəb olacağını göstəririb. O, türk dilinin Avropa dilləri ilə rəqabət gücündə olduğunu qeyd edirdi.

90-cı illərin ilk cəhdi

“Ortaq Türk Əlifbası” ilə bağlı ilk təşəbbüslər 1991-ci ildə başlayıb. Türk dillərindəki ilkin səslərə əsaslanan sistem üzərində iş o zamanlar “Türk Şurası” adlandırılan Türk Dövlətləri və Toplumları Dostluq-Qardaşlıq və Əməkdaşlıq Qurultayında davam etdirilib. 21-23 mart 1993-cü il tarixlərində Antalyada keçirilən toplantıda Türk Cümhuriyyətlərinin əlifbalarına Q, X, W, Ä hərflərinin əlavə edilməsi ümumi qərar kimi qəbul edilib. Davam edən araşdırmalarda bu əlifba əsas götürülərsə, türk dünyası üçün əhəmiyyətli olan 34 hərfdən ibarət əlifba qüvvəyə minə bilər.

Akademik Möhsün Nağısoylu əlifba ilə bağlı təkliflərinə qarşı çıxıldığını deyib:

“Bizə qarşı çıxdılar, guya biz pantürkizm edirik. Pantürkizm etmirdik axı sadəcə yaxınlaşmaq istəyirdik. Qazaxstan, Özbəkstan onların “ədəbiyyat” sözünü tək “y” ilə yazırlar. Bizimkilər də 1930-cu illərdə tək “y” ilə yazırdılar. İndi isə qoşa “y” ilə yazırlar. Yəni bu yaxınlaşma günün, zamanın tələbidir. Avropa və Qərb ölkələri bizə qarşı nələr-nələr edir. Ona görə də türklərin yaxınlaşması, ortaq ünsiyyət qurması vacibdir. Ortaq tarix, coğrafiya və qrammatikamız var. Buna görə də ortaq əlifba vacibdən də vacib məsələdir. Bu elə də çətin məsələ deyil. Beynəlxalq Türk Akademiyasında da bu məsələ müzakirə olunur. Ümid edirəm ki, ən yaxın zamanda həllini tapacaq”.

(Göy rənglə göstərilmiş ölkələrdə və muxtarlıqlarda Türk dilləri rəsmi statusdadır)

“Tərcüman” qəzeti

XX yüzilin əvvəllərində ortaq dil birliyi ideyasının tərəfdarlarından biri də Əhməd Cavad idi. O, İ.Qaspıralının Asiyada və Avropada türk-tatarların “milli dilini, məktəbini, milli ədəbiyyatını” anlatmaq arzusunu, bütün türk ləhcələrini birləşdirmək üçün “Tərcüman” qəzeti (1883) nəşr etdiyini, qəzetin “ümumi bir dil, həm də qayət açıq bir dil qəbul etdiyini” ayrıca vurğulayırdı. Əhməd Cavada görə, “Tərcüman”ın qəbul etdiyi “Dildə, əməldə, fikirdə birlik!” şüarı bunun üçündür ki, bu gün dünyadakı bütün türklər yavaş-yavaş bir-birini tanısınlar.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, ortaq türk dili tez şəkildə yarana bilməz:

“Ona görə də ortaq ünsiyyət dili yaranmalıdır. Elə üsniyyət dili olmalıdır ki, bütün türk xalqları bir-birini rahat başa düşsünlər. Bu da Türkiyə türkçəsi ola bilər. Çünki türk dünyasının ən böyük dövləti Türkiyədir. Türkiyə mətbuatı dünyaya yol açıb, yaxşı da başa düşülür. Türk dilini digər türk dövlətlərində əsas fənn kimi orta məktəblərdə keçməlidir. Necə ki, rus, ingilis və fransız dili öyrədilir. Qardaş dil olmasına baxmayaraq, yenə də tədris etməliyik. Tədris olunarsa 5-10 il sonrakı yeni nəsil rahatlıqla danışacaq”.

(Türk dilləri danışanların saya görə)

Ortaq türk dili yaradılması məsələsi xakas alimi N.Katanovu hələ XIX əsrin sonlarından maraqlandırırdı. Dostu Arseniy Yarilova ünvanladığı məktubunda o yazırdı: “Bütün türk ləhcələri lüğəti tərtib etməyə başlamışam. İndiyə qədər sözlərin sayı 60 000-ə çatdırılıb. Hələ 15 illik iş var. XX yüzillikdə çapına başlayacağam”. Həmin lüğətin əlyazması hazırda Tatarıstanın Dövlət Arxivində saxlanılır.

Xalq şairi ortaq əlifba ilə bağlı dilçilərin problemlər yaratdığını diqqətə çatdırıb:

“Türk dövlətləri bir-biriləri ilə xaricdə olan tərbir və konfranslarda niyə öz, ortaq türk dilində yox, rus və ya ingilis dilində danışmalıdırlar? Nə qədər variantlar deyilsə də ən məqsədəuyğunu orta məktəblərdən başlayır. Hər səsə uyğun, hərf axtarmaq düzgün deyil. Ortaq qərara gəlib, əlifba yaratmaq lazımdır. Ortaq əlifba yeni səslər, hərflər yaratmaq deyil, əlimizdə olanları düzgün istifadə etməkdir. Türk dövləri latın əlifbasını qəbul edirlər, amma hərəsi bir cürə istifadə edir. Bunun da bir xeyri yoxdur. Hamısı bir yerdə elmi qayda da həll olunmalıdır”.

Türk dillərinin hamısında ahəng qanunu, samitlərin assimiliyasiyası, kök və şəkilçilərin xüsusi quruluşuna malik olması, demək olar ki, eynilik təşkil edir. Bu tipoloji uyğunluq morfologiyaya da aiddir. Türk dili iltisaqi dillərə daxildir. Onlarda qrammatik cins kateqoriyası yoxdur. Qoşmalar sözün sonuna əlavə olunur, sözdüzəldici və sözdəyişdirici şəkilçilərin sırası möhkəm qanunauyğunluğa tabedir. Hal və mənsubiyyət kateqoriyaları çoxlu ümumi cəhətlərə malikdir. Kök sözlərin heç bir şəkilçi qəbul etmədən işlənə bilməsi, vahid təsrif sistemi, əvəzliklərdəki ümumilik və s. olan oxşarlıqlardandır. Bu dillərin sintaktik quruluşunda da tipoloji eynilik çoxdur: söz və söz birləşmələrinin cümlədəki sırası sabitdir, təyin təyin olunandan əvvəl gəlir və onunla uzlaşmır, tamamlıq tamamladığı sözlərdən əvvəl gəlir, tabeli mürəkkəb cümlələr az, tərkiblər isə çoxdur. Lüğət tərkibində ümumilik daha qabarıq şəkildə özünü göstərməkdədir.publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki