ABŞ-da Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası yaradılıb.
Bu barədə açıqlamasında Assosiasiyanın sədri, Azərbaycanın məşhur idmançısı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı məlumat verib.
Onun sözlərinə görə, Assosiasiyanın əsas məqsədi Azərbaycan gəncləri və idmançılarının ABŞ-da tanıdılmasıdır:
“Bununla da Azərbaycanın maraqlarının ölkəmizin hüdudlarından kənarda, okeanın o tayında belə qorunması istiqamətində əməli olaraq addımlar atılacaq. Çünki idman özü bir mədəniyyətdir və aid olduğu xalqlardan, dövlətlərdən, məkanlardan asılı olmayaraq qısa müddət ərzində inteqrasiya oluna biləcək sahədir. Buna görə də idman Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ən yaxşı vasitələrdən biridir”.
E.Xanoğlanlı bildirib ki, təşkilat artıq fəaliyyətə başlayıb və o qeyd edib ki, qarşıda böyük işlər dayanır. Təşkilat sədri söyləyib ki, yaxın günlərdə birləşmiş ştatlarda ilk böyük tədbir gerçəkləşəcək:
“Gələcəkdə də Azərbaycadakı təşkilatlarla birlikdə həm Vətənimizdə, həm də ABŞ-da yeni layihələrə imza atacağıq. Əsas məqsəd gənclərimizin və idmançılarımızın bir platforma ətrafında sıx birləşdirilməsidir. Hər kəsə bəllidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər zaman idmançılara göstərdiyi xüsusi diqqət və qayğısı göz önündədir. Dövlət başçısının bu dəstəyi ölkəmizin hüdudlarından kənarda yaşayan idmançılar tərəfindən də alqışla qarşılanır. Biz ABŞ-da yaşayıb fəaliyyət göstərsək də, Müzəffər Ali Baş Komandanın gənclər siyasətini dəstəkləmişik, idmana və idmançılara ayırdığı diqqətini hər zaman müşahidə etmişik. Cənab Prezidentin bu humanist addımları hər bir gəncə böyük bir motivasiyadır. Odur ki, harada yaşamağımızdan asılı olmayaraq, bizim hər birimiz Ali Baş Komandanın əsgərləriyik”.
Qeyd edək ki, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının Azərbaycan nümayəndəliyi yaradılıb. Nümayəndəliyə tanınmış idmançı Azər Məmmədov rəhbərlik edəcək.