ABŞ Prezidenti Donald Tramp son altı ayda Ukrayna məsələsində bir-birindən fərqli mövqelər nümayiş etdirib. Bu cür siyasi dəyişkənlik isə investorların onun bəyanatlarına olan etimadını zəiflədir.
Bu barədə “The Economist” nəşrində yayımlanan məqalədə bildirilir.
Qeyd olunur ki, Trampın Rusiyanı cəzalandırmaq üçün “sərt” ikinci dərəcəli gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı hədələri də inandırıcı görünmür.
Ekspertlər bildirirlər ki, ABŞ prezidenti Rusiyanın ixrac gəlirlərini azaldacaq sanksiyalar tətbiq edə bilərdi – elə bir şəkildə ki, bu neft qiymətlərinə təsir etməsin. Lakin əgər sanksiyalar kifayət qədər sərt olsaydı və Kremlin enerji ixracını dayandırsa idi, bu, dünya bazarında neftin bahalaşmasına və inflyasiya şokuna səbəb olardı. Tramp isə belə nəticəni yolverilməz hesab edə bilər.
Qeyd olunur ki, hazırda Rusiya neftinin əsas alıcıları Çin (47%) və Hindistandır (38%). Tramp Çinə qarşı genişmiqyaslı ticarət müharibəsindən imtina edib və Hindistanla da danışıqlar aparır. Bu kontekstdə investorlar Trampın riskli siyasətinə inanmırlar. Onun Rusiyanı beynəlxalq ticarətdən təcrid etməklə hədələməsindən sonra neftin qiyməti əksinə olaraq azalıb.
Politoloqlar hesab edirlər ki, Trampın bəyanatları nə qədər inandırıcı olmasa da, Ukrayna və Avropa ölkələri bundan istifadə edərək gündəlik prezident qərarlarına ehtiyac duymayan sabit mexanizm qurmalıdırlar.
Qeyd edək ki, Tramp Rusiyaya qarşı gömrük rüsumlarını əsas vasitə kimi göstərərək bildirib ki, “Əgər Moskva 50 gün ərzində Ukraynadakı müharibəni dayandırmasa, ABŞ Rusiya ilə ticarət edən bütün ölkələrə qarşı 100%-lik “ikinci dərəcəli” rüsumlar tətbiq edəcək”.