image-222backend

İrəvanın qorxusu və yaxud Armen Qriqoryan niyə təxribatçı adlandırıldı?

image-reklam_sirab_01

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə Kremlin İrəvana təzyiqini iki tələblə izah edib: “Rusiya bizdən Azərbaycana dəhliz verməyi və Rusiya-Belarus ittifaqına qoşulmağı tələb edib”. Armen Qriqoryanın sözlərinə görə, bu gün Laçın yolunda baş verənlər guya İrəvanın Kremlin iki tələbini yerinə yetirməməsiylə bağlıdır. Qriqoryan sentyabr ayında Azərbaycanla Ermənistan təmas xəttindəki döyüşləri də Kremlin tələblərinin yerinə yetirilməməsiylə izah edib. Armen Qriqoryanın müsahibədəki sonuncu cümləsi də Kremlə atmacadır: “Ermənistan demokratiyası və demokratik sistemimiz Kremlin ittifaq təklifinə müqavimət göstərdiyinə görə hərbi təzyiqlə üzləşib”. Qriqoryan bu cümləsi ilə demək istəyib ki, 1) Ermənistan demokratik, Rusiya avtoritar dövlət olduğuna görə ittifaqa qoşulmayacaqlar; 2) İrəvan Moskvanın şərtini qəbul etmədiyinə görə Azərbaycan Ermənistana təzyiqi artırıb.

Armen Qriqoryanın bu müsahibəsi Kremlin narahatlığına səbəb olacaq. Özü də müsahibə baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşünə təsadüf edib. Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada üçtərəfli görüşdən imtina etməsi də Kremlin narazılığına səbəb olmuşdu. Əslində Armen Qriqoryanın Rusiyanın təzyiqlərini ictimaiyyətə bildirməsi İrəvanla Kreml arasındakı münasibətlərdə çatı daha da dərinləşdirəcək. Digər tərəfdən bu müsahibə Ermənistan hakimiyyətinin çarəsizliyini göstərir. Ermənistan Rusiyadan asılı dövlətdir. Buna baxmayaraq, İrəvan Kremlin tələblərini yerinə yetirmir. İrəvan öz növbəsində Rusiyadan imtina da edə bilmir, çünki Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaqdan qorxur. Bu amillər Azərbaycana öz şərtlərini diqtə etmək üçün geniş manevr imkanları yaradır.

Elxan Şahinoğlu

Politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki