“Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə keçdiyi inkişaf yolu onun beynəlxalq gündəlikdə mühüm məsələlər üzrə söz demək imkanları genişlənən təşkilata çevrildiyini göstərir.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Prezident İlham Əliyevin sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də bu inkişafın qarşıdakı mərhələsinə dair aydın baxış ortaya qoyur. “Dövlət başçısının vurğuladığı kimi, müzakirə olunan məsələlər beynəlxalq təhlükəsizlikdən multikulturalizmə, ticarətdən nəqliyyata və humanitar əməkdaşlığa qədər geniş spektri əhatə edir.”
Millət vəkilinin fikrincə, Təşkilatın imkanlarını artıran əsas amillərdən biri üzv dövlətlərin potensialının qarşılıqlı əməkdaşlıq mexanizmləri ilə birləşdirilməsidir: “Azərbaycan bu prosesdə ikitərəfli əlaqələri TDT çərçivəsində çoxtərəfli əməkdaşlıqla tamamlayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması baxımından mühüm istiqamətdir. Belə layihələr siyasi münasibətlərin iqtisadi məzmunla zənginləşdirilməsinə xidmət edir. Nəqliyyat bağlantılarının genişləndirilməsi, investisiyaların təşviqi və ticarət əlaqələrinin dərinləşdirilməsi türk dünyasının ümumi potensialından daha səmərəli istifadəyə şərait yaradır. Dövlət başçımızın “Biz birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq” fikri bu baxışın strateji istiqamətini ifadə edir. Burada söhbət yalnız təşkilatın nüfuzunun yüksəldilməsindən deyil, onun beynəlxalq münasibətlər sistemində praktiki rolunun genişləndirilməsindən gedir. Bunun üçün üzv dövlətlərin siyasi iradəsi, iqtisadi imkanları və əməkdaşlıq təcrübəsi mühüm resursdur. Azərbaycanın TDT daxilində fəal mövqeyi də bu məqsədlərlə uzlaşır. Bakı həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini dəstəkləyir. Azərbaycanın təşəbbüsləri Türk dövlətləri arasında etimadın möhkəmlənməsinə və birgə layihələrin genişlənməsinə zəmin yaradır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam qarşıdakı mərhələyə verilən qiymətdir. Dövlət başçısı əsas diqqətin bundan sonra birgə işə, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ölkələr və xalqlar arasında daha sıx əlaqələrin qurulmasına yönəldilməli olduğunu bildirib. Bu yanaşma TDT-nin inkişafında yeni mərhələnin məzmununu müəyyənləşdirir. Beləliklə, türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız tarixi və mədəni yaxınlıq üzərində deyil, konkret iqtisadi, nəqliyyat və humanitar layihələr üzərində də möhkəmlənir. Bu imkanları vahid əməkdaşlıq məkanında daha səmərəli birləşdirmək TDT-nin qarşısında duran mühüm vəzifələrdəndir.”

























