image-1backend

Kamran Əliyev Qətər Baş prokurorunun müavini ilə görüşüb

image-reklam_sirab_01

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluqdan Vətəninfo.az-a verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Qətər Dövlətinin Baş prokurorunun müavini Məhəmməd Əl-Binəlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kamran Əliyev çıxış edərək bildirib ki, din və mədəniyyət baxımından yaxın olan Azərbaycan-Qətər əlaqələri yüksək səviyyədə inkişaf edir. İki ölkənin münasibətləri dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkənin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir.

Qətər Dövlətinin Prokurorluğu ilə qarşılıqlı əməkdaşlıqdan danışan Kamran Əliyev bu əməkdaşlığın Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (İAACA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA) və s. qurumlar çərçivəsində uğurla davam etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, iki ölkənin prokurorluqları arasında 2022-ci ilin iyunun 29-da hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə imzalanmış Memorandum qurumlarımızın birgə fəaliyyətinə böyük töhfə verib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror bu tədbirin dünya liderlərinin qlobal problemlərə qarşı mübarizədə birgə səylərini daha da gücləndirəcəyini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən Məhəmməd Əl-Binəli Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Culfali əl-Nuaiminin salamını çatdıraraq 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib və Baş prokuror Kamran Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət edib.

Daha sonra Kamran Əliyev Qətərli həmkarının cari il noyabrın 15-də BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi ilə birlikdə (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvətə dair məktubu nümayəndə heyətinə təqdim edib.

Görüşdə hüquqi sahədə, həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

image-1 image-2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki