Son günlər saxta plastik cərrahların siyahısının yayımlanmasından sonra bu dəfə də ölkədə fəaliyyət göstərən çox sayda saxta stomatoloqun olduğu bildirilir.
Bu barədə Ölkə.Az-a üz-çənə cərrahı Mirzəyev Tural Ələkbər oğlu danışıb. Həkim bu sahədən mütəxəssislərlə birgə məsələni araşdırdıqlarını və əllərində adbaad siyahının olduğunu söyləyib.
T.Mirzəyev saxta stomatoloqların bəzilərinin diplomsuz olduğunu, bəzilərinin işləmək üçün sertifikasiyadan keçmədiyini, bir qisminin isə sadəcə kurslara gedərək bu sahədə çalışdığını iddia edib:
“Araşdırma aparmışıq. Siyahıda 83 nəfərin adı var. Hətta adı hallanan həkimlərin heç biri də çıxıb demir ki, biz saxta həkim deyilik. Eləsi var ki, kuryerlik edib indi gəlib stomatoloq işləyir.
Bu yaxınlarda bir xanımın 11 dişi çəkilmişdi. Onu edən adam mühafizəçi işləyib. Adam 7-8 ildir stomatologiyadadır. Qaçıb orada-burada gizlənir, pul atır. Tibb bacıları var ki, kiminsə katibəsi olub, sonra klinikada köməklik göstərilib işləyir. Hərəsi bir yerdən diplom alıb.
Hətta dövlət qurumları ilə birgə araşdırmışdıq, konkret 5 nəfərin işləmək üçün sənədi yoxdur”.
Fotoda Tural Mirzəyev
Həkimin sözlərinə görə, bu “stomatoloq”ların profillərində paylaşılan bir çox şəkillər başqa səhifələrdən götürülüb. T.Mirzəyev insanları həkim seçərkən ehtiyatlı davranmağa çağırıb:
“Soruşsunlar görək, harada təhsil alıblar, hansı lisenziya ilə fəaliyyət göstərirlər, ortodontiyaya, implantologiyaya icazələri varmı? Hər yerindən duran deyir ki, ortodontam. Ortodont olmaq üçün azı 2 il ordinantura keçirilməlidir. Yoxsa 3 gün Əlinin kursunda, 4 gün Vəlinin kursunda olmaqla ortodont olmaq mümkün deyil.
Bu, vicdan və milli təhlükəsizlik məsələsidir. Diplomu olmayanların sterilizasiyadan xəbərləri yoxdur. O adama maraqlı deyil ki, işlətdiyi alətin ucunda nə var və ya xəstənin ağız boşluğunda hansı patologiya var”.
T.Mirzəyev Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində olduğunu və bununla bağlı müraciət etdiyini söyləyib. Ondan saxta stomatoloq olduğu deyilən şəxslərin adbaad siyahısı tələb olunub.
Əldə etdiyimiz məlumata görə, aidiyyəti qurumlar məsələdən xəbərdardırlar.
Artıq sosial şəbəkələrdə adı saxta stomatoloq siyahısında olan bəzi həkimlərin xəstələri də paylaşımlar etməyə başlayıblar. Həmin stomatoloqlardan biri də Zeynal Allahyarovdur (Zeynalabdin Məmməd oğlu Allahyarov).
Fotoda Zeynal Allahyarov
Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, Z.Allahyarova müalicə üçün avans olaraq 1500 manat ödəsə də, eşitdiyi şikayətlərdən sonra fikrindən daşınıb. Qeyd edilir ki, artıq 1.5 ay keçməsinə baxmayaraq pasiyentə pulu geri ödənməyib. Xanım şikayətçi iddia edir ki, həkim bu müddət ərzində ona heç bir tibbi xidmət göstərməyib.
Digər sosial şəbəkə istifadəçiləri də Z.Allahyarovun saxta həkim olduğunu yazıb. Həkim səhifəsində stomatologiyanı bitirdiyinə dair diplomunu paylaşsa da, işləmək üçün sertifikasiyasının olmadığı bildirilir.
Rəsmi quruma göndərdiyimiz sorğu nəticəsində Z.Allahyarovun məlumatlarının Səhiyyə Nazirliyinin reyestrində tapılmadığı bildirilib.
Barəsindəki ittihamlarla bağlı Ölkə.Az Z.Allahyarovla da əlaqə saxlayıb. O, yalnız 1 saat sonra danışacağını desə də, növbəti cəhdimizdə zəngimizə cavab verməyib.
Qeyd edək ki, T.Mirzəyev saxta stomatoloq olduğunu iddia etdiyi şəxslərin çalışdığı klinikaların da adlarını bildiyini deyib. Onun sözlərinə görə, bu klinikalar paytaxtda əsasən Nərimanov rayonu ərazisində cəmləşib. Bununla belə, sözügedən həkimlərin hər biri ilə bağlı rəsmi dəqiqləşmə aparmağımız mümkün olmadığından hələlik siyahını bölüşə bilmirik.
Xatırladaq ki, bundan əvvəl vətəndaşlardan daxil olan çoxsaylı şikayətlərdən sonra ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Əks təqdirdə
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.