image-8bfea804-3bc0-485f-a077-3121a5dde337backend

Liderlər Moskvada niyə razılığa gələ bilmədilər..

image-reklam_sirab_01

Azərbaycan-Ermənistan münaqişəsi ətrafındakı siyasi-diplomatik fon heç bir vaxt indiki kimi dinamik olmamışdı – konkret hərəkətlər və ya nəticə olmasa da, danışıqların substantivliyi hələ də çağırış predmeti olsa da, elə bir gün olmur ki, bu müstəvidə hansısa bəyanat və yaxud da yeni çağırış səslənməsin.

Ən çox da bəyanatlar Ermənistan tərəfindən gəlir. Özü də ən təəccüblülsü budur ki, bu bəyanatlar axır vaxtlar sülh məzmunlu olub, konsktruktiv məzmun kəsb edir. Əlbəttə, Ermənistanda səslənən bəyanatlar bu ölkənin qanunvericiliyində, hətta konstitusiyasında ciddi dəyişikliklərin olmasını tələb edir, əks təqdirdə, onlar siyasi bəyanat kimi qalacaqlar.

Amma Ermənistanın baş nazirinin ciddi danışıqlar ərəfəsində və yaxud da gedişində “Biz Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deməsi heç də sıradan olan bir bəyanat deyil.

Söz yox, belə bəyanatlarla İrəvan topu Rusiyaya və Dağlıq Qarabağ separatistlərinə ötürməyə də cəhd edə bilər: yəni biz oyundan çıxırıq, gedin, Moskva, xüsusən də Xankəndi ilə danışın!

İkincisi, Ermənistanın “sülh məzmunlu” bəyanatları onların öz sözlərinə və imzalarına münasibətlərilə də şərtlənə bilər.

Elə bu yaxınlarda baş nazir Nikol Paşinyan dedi ki, sülh sazişinin imzalanmasından bir gün sonra da müharibə başlaya bilər! Əgər bu vaxta qədərki təcrübə olmasaydı, onların bu sözlərini ciddiyə almamaq da olardı. Fəqət, bu otuz il ərzində dəfələrlə olub ki, Ermənistan çox mühüm danışıqlar ərəfəsində, yaxud da onlardan dərhal sonra hərbi təxribatlar törədib…

Qərəz, tərəflər Moskva görüşünə belə ziddiyyətli fonda getmişdilər. Yox, Moskvada sülh sazişinin imzalanacağını heç kim güman etmirdi. Amma belə fərz olunurdu ki, tərəflər demarkasiya və delimitasiya ilə bağlı, kommunikasiyaların açılması ilə əlaqəli müəyyən razılığa gələ bilərlər.
Qeyd etmək lazımdır ki, buna müəyyən qədər yanaşılma oldu. Birincisi, bir daha bəyan edildi ki, Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü tanıyır.

Bu məqam Rusiya prezidenti Vladimir Putinin də diqqətindən qaçmadı və o, qeyd etdi ki, ən əsas məqam elə budur – tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması ən əsas şərtdir.

İkincisi, Zəngəzur dəhlizinin açılmasında Rusiyanın öz marağı var. Ruslar hələ də ümid edir ki, dəhlizin təhlükəsizliyinin təmin olunması onlara tapşırılacaq. Bakının buna razı olmamasını başa düşmək olar.
Amma neçə illər bundan əvvəl bütün sərhədlərinin mühafizəsini Moskvaya tapşıran İrəvanın bu dəfə inad göstərib Rusiyanı bu oyundan kənar etməyə çalışması heç də məntiqli görünmür. Amma güman ki, bu, Qərbin Ermənistan qarısında qoyduğu tələbdir – hazırda Qərbin daha bir cəhdi də Rusiyanı Cənubi Qafqazdan çıxarmaqla bağlıdır…

O ki qaldı yekun sülh sazişinin imzalanmasına, Rusiya tərəfləri Moskvaya buna görə yox, əksinə, sülh sazişini imzalamamağa görə çağırmışdı. Bir neçə həftə bundan əvvəl nəzərlər Vaşinqtona və Brüsselə dikilərkən və hamı iyunun birində Kişinyovda nəsə imzalanacağını zənn edərkən, Rusiya mənbələri yazırdı ki, daha bir görüş bu ilin payızında İspaniyanın Qranada şəhərində olacaq.

İndi ABŞ diplomatları deyir ki, tərəflər arasında sülh əlçatandır. Onlar əvvəllər belə demirdilər. Amma hazırda mübaliğəsiz, demək olar ki, ABŞ tərəflər arasında həqiqətən də sülh sazişinin imzalanmasına çalışır və belə deyir ki, nə qədər Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, bunu etmək lazımdır.
İndi Cənubi Qafqazda heç də ABŞ-ın xoşuna gəlməyən və onun maraqlarına cavab verməyən proseslər gedir. Bir neçə il bundan əvvəl az qala, ABŞ-ın sözü ilə oturub-duran Gürcüstan indi Vaşinqtonu eşitmək istəmir, Moskva ilə əlaqələrini bərpa edir və genişləndirməyə çalışır. Düşünmürük ki, hətta Bakının da Avrasiya İttifaqının iclasında iştirak etməsi Vaşinqtonun ürəyincə olsun – bu, hətta qonaq statusunda olsa belə…

Hüseynbala Səlimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image