Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun dağ kəndlərindən biri olan Cimcimax kəndində olub, sakinlərlə görüşərək onları narahat edən məsələləri dinləyib, eyni zamanda son günlər yağan intensiv yağışlar nəticəsində yaranmış selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işlərlə tanış olub.
Səfər çərçivəsində kənd sakinləri ilə keçirilən görüşdə onların müraciət və təklifləri diqqətlə dinlənilib, mövcud problemlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Sakinlərin əsas müraciətləri kənddaxili yolların vəziyyəti, elektrik enerjisi təminatı və digər infrastruktur məsələləri ilə bağlı olub. Qaldırılan məsələlərin bir hissəsi yerində həllini tapıb. Həlli millət vəkilinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə yönləndirilərək nəzarətə götürülüb.
Asif Əsgərov kənddə sel sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə də tanış olarkın bildirilib ki, hazırda aidiyyəti dövlət qurumları tərəfindən ərazidə zəruri tədbirlər davam etdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rayon üzrə aidiyyəti qurumunun texnika və canlı qüvvəsi tərəfindən sel nəticəsində çay məcralarında yaranmış maneələrin aradan qaldırılması, su axınlarının təhlükəsiz istiqamətləndirilməsi və infrastrukturun bərpası istiqamətində işlər görülür. Eyni zamanda, Azərenerjinin əməkdaşları tərəfindən sel nəticəsində elektrik təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması, enerji təchizatının tam bərpası və dayanıqlılığın təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Millət vəkili görülən işlərin gedişi ilə maraqlanıb, aidiyyəti qurumların nümayəndələri ilə mövcud vəziyyəti müzakirə edib, qaldırılan məsələlərin operativ həlli və bərpa tədbirlərinin qısa müddətdə başa çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
Asif Əsgərov qeyd edib ki, vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin yerində dinlənilməsi, problemlərin operativ şəkildə aidiyyəti qurumların diqqətinə çatdırılması və icrasına nəzarətin həyata keçirilməsi deputat fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu baxımdan, rayonun yaşayış məntəqələrində vətəndaşlarla görüşlər bundan sonra da davam etdiriləcək. Görüşün sonunda kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Vətəndaşlar qeyd ediblər ki, təbii fəlakətin ilk günlərindən etibarən dövlət tərəfindən görülən tədbirlər, aidiyyəti qurumların əraziyə cəlb olunması və bərpa işlərinin qısa müddətdə başlanması dövlətin hər bir vətəndaşın yanında olduğunu bir daha nümayiş etdirir.



























