image-127434_800backend

Okeanda üç gecə: Stanislav Kurilovun SSRİ-dən qaçışı

image-reklam_sirab_01

1974-cü ilin dekabrında inanılmaz bir hadisə baş verdi. Ekvatora yaxınlaşan “Sovetskiy Soyuz” kruiz gəmisindən bir nəfər özünü okeana atdı. O, üç gün ərzində 100 km qət edərək Filippin sahillərinə çıxdı. Bununla da məqsədinə – SSRİ-nin  dəmir pərdəsindən qurtulmağa nail oldu.

***

Stanislav Kurilov 1936-cı ildə Orconikidzedə (indi: Vladiqafqaz) anadan olub, amma Qazaxıstanın Semipalatinsk (indi: Semey) şəhərində böyüyüb. Uşaq yaşlarından dənizə heyrətamiz maraq göstərib. Özü bu barədə sonralar yazırdı: “Yaxın qohumlarım və onların əcdadları müstənsa dərəcədə torpaq adamı idilər. Bütün dünyada Semipalatinsk qədər dənizdən uzaq şəhər tapılmaz”.

Semipalatinsk dənizdən uzaqda yerləşsə də, İrtış çayının sahilində idi. Amma anası balaca Slavaya çayda çimməyə icazə vermirdi. Əvəzində yay tətilində getdiyi düşərgənin yaxınlığında yerləşən göldə üzməyi öyrənir. Artıq 10 yaşı olanda tay-tuşları ilə mərcə gəlib İrtış çayının bir sahilindən digərinə və geriyə üzür.

O, dəniz haqqında əlinə keçən bütün əsərləri acgözlüklə oxuyur və onların təsiri altında 15 yaşında evdən qaçır və Baltik donanmasında yunqa olmaq üçün Leninqrada gedir. Amma məlum olur ki, indi bunun üçün sənədlər, eləcə də xaricə çıxış üçün viza lazımdır. Arzusu həyata keçməsə də, ömründə ilk dəfə dəniz – Fin körfəzini – görür: “Mən paltarla qurşağa qədər suya girdim və and içdim ki, qayıdacağam”.

Hərbi xidmətdən sonra Kurilov dənizçilik məktəbinə daxil olmaq istəyir, lakin gözünün uzağı pis görməsi səbəbindən tibbi komissiya tərəfindən çıxdaş edilir. Belə olduqda, Leninqrad hidrometeoroloji institutunun “okeanşünaslıq” ixtisasına daxil olur. Diplomunu aldıqda Baykalda mühəndis-hidroloq işləyir. Daha sonra isə Qara dəniz sahilində yerləşən Gelencik şəhərinə dəvət edilir, buradakı “Çernomor” sualtı tədqiqat laboratoriyasında işləməyə başlayır.

Onun təxəyyülü dünyanın bütün dənizlərini, okeanlarını tədqiq etməyi arzulayırdı. Amma SSRİ-dən kənara çıxmaq asan deyildi. Bunun üçün o zaman xüsusi icazə – çıxış vizası lazım idi. Sovet vətəndaşları sosialist ölkələrinə turist səfərini xəyal edə bilərdilər. Kapitalist ölkələrinə getmək isə yalnız seçilmişlərin imtiyazı idi.

Çıxış üçün müraciətlər çox vaxt səbəb göstərilmədən rədd edilirdi və adətən imtinanın səbəbini anlamaq mümkün olmurdu. Amma Stanislav Kurilovun imtinaya  səbəb olacaq aşkar cəhəti vardı: onun bacısı SSRİ-də təhsil alan hindli ilə ailə qurmuş, əvvəlcə Hindistana, sonra da Kanadaya getmişdi. Buna görə də sovet rəsmilərinin fikrincə, Kurilov xaricdə qala bilərdi. Amma heç bir sirr daşıyıcısı olmayan adam xaricdə qalsaydı, nə olacaqdı – bu sualın cavabı aydın deyil.

“Çernomor” tədqiqatçılarının fəaliyyəti məşhur sualtı tədqiqatçı Jak-İv Kustonun diqqətini çəkir. Məşhur fransız onlara birgə ekspedisiya keçirməyi təklif edir, amma yenə də çıxış vizasının verilməməsi səbəbindən bu ekspedisiya alınmır.

Əvvəllər sovet rejiminə qarşı heç bir iradı olmayan Stanislav Kurilov bu imtinalardan sonra özünü əsir kimi hiss etməyə başlayır. Bu barədə o, belə yazır: “Yəqin ki, dünya haqqında heç nə bilməmək çox şey bilib görmək fürsətinin olmamasından daha yaxşıdır. Öz yuxulu şəhərində oturub yaxınlıqda nəhəng, gözəl bir dünyanın olduğunu, onun həyatının sənin yanından keçdiyini bilmək dəhşətdir. Özünü uça bilməyən quş kimi, yelkənləri düşürülmüş gəmi kimi, əlil arabasına əbədi zəncirlənmiş insan kimi hiss edirsən”.

***

Stanislav Kurilov 1974-cü ilin noyabrında “Veçernı Leninqrad” qəzetində bir elanla rastlaşır. Həmin elanda Vladivostokdan yola düşəcək sovet kruiz gəmisinin ekvatora qədər gedib qayıdacağı yazılırdı. Dekabrın 8-də başlayacaq səyahət iyirmi gün çəkəcəkdi. “Qışdan yaya” adlanan bu turist gəzintisinin əsas cəlbedici cəhəti ondan ibarət idi ki, iştirak etmək üçün çıxış vizası tələb olunmurdu: çünki gəmi xarici limanlara yan almayacaqdı.

Məlumatı oxuyan Kurilov bir müddət tərəddüd keçirir. O, SSRİ-dən qaçmaq istəmirdi: “ Mənim burada o qədər yaxın, doğma adamlarım var ki, ömürlük onlardan ayrılmalıyam. Sadəcə vəhşi təbiətdə gəzib, ürəyini boşaldaraq evə qayıtmaq nə gözəl olardı. Mən isə başqa dünyaya təkyönlü, geriyə dönüşü olmayan yolçuluğa çıxmalı idim. Nə qədər cazibədar olsa da, yenə çox, çox qorxulu idi”. Uzun götür-qoydan sonra anlayır ki, arzularını yaşamaq üçün başqa yolu yoxdur və kruizə bilet alır.

Gəminin adı “Sovetski Soyuz” (Sovet İttifaqı) idi. 1923-cü ildə Almaniyada istifadəyə verilən və İkinci dünya müharibəsindən sonra təzminat şəklində SSRİ-yə çatan bu gəmi üstündən 50 il keçəndən sonra sovet sərnişin gəmiləri arasında ən böüyüyü və ən yaraşıqlısı sayılırdı. “Sovetski Soyuz” dekabrın 8-də Vladivostokdan ayrıldı. Artıq üç gün sonra sərnişinlər göyərtədə günəş vannası qəbul edir, hovuzda çimirdilər. Ən populyar məşğuliyyət isə, Kurilovun xatirələrinə görə, içmək idi.

Kiminsə gəmidən atılıb başqa bir ölkəyə qaçacağı yəqin ki, ağlagəlməz hesab olunurdu. Bununla belə, kruizin marşrutu sərnişinlərə açıqlanmırdı. Məlum olan o idi, gəmi Koreya yarımadası və Yaponiya adaları arasındakı Koreya boğazından keçəcək, burada rus-yapon müharibəsi zamanı Tsuşima adlanan yerdə darmadağın edilən rus donanması dənizçilərinin xatirəsi yad ediləcək. Bundan sonra Ekvatora qədərki marşrut isə naməlum idi.

Amma dekabrın 11-də Kurilov zalların birində gəminin marşrutunu, özü də tarixlərlə göstərilən marşrutu əks olunan xəritə görür. Gəmi Tayvan yaxınlığında Şərqi Çin dənizi ilə, daha sonra Filippin adalarının şərq sahili ilə üzərək Sulavesi dənizinə keçəcəkdi. Burada Sulavesi və Kalimantan adaları arasında ekvatora çatacaq və iki gün dreyf edib geri dönəcəkdi.

Xəritəni diqqətlə nəzərdən keçirən Kurilov kiçik Siarqao və ya böyük Mindanao adasının yanından keçərkən qaçmaq fürsətinin olduğu qərarına gəlir. Həm məsafə nisbətən yaxın idi, həm də, ən əsası, gəmi bu adaların yanından gecə keçəcəkdi. O, Siarqao adasının yanından keçərkən qaçmaq qərarına gəldi.

***

Dekabrın 13-də hava qaralandan sonra Stanislav Kurilov səyahət tanışlarının məclisindən ayrılıb öz kayutuna getdi. Üzmək rahat olsun deyə qısa mayka və dar şort geyindi, sahildə qayalıqlara çıxanda kəsilməməsi üçün ayaqlarına üst-üstə bir neçə cüt corab keçirdi, ala biləcəyi yaranı bağlamaq üçün boğazına yaylıq bağladı. Əl və ayaq üzgəclərini, nəfəs borusunu və üzgüçülük maskasını çantaya qoydu və kayutdan çıxdı.

Səfərin ilk günlərindən müəyyən etmişdi ki, gəminin quruluşuna görə lap yuxarıda yerləşən əsas göyərtədən tullanmaq mümkündür. Bu isə 15 metrlik məsafə idi. Suya düşəndən sonra da gəminin pərlərinin altına düşməmək üçün tələsik uzaqlaşmaq lazım idi. Üstəlik, bu zaman çantanı əldən buraxmamalı idi. Saat 20:15-i göstərirdi. Sovet İttifaqını (həm gəmini, həm ölkəni) tərk etmək vaxtı gəlmişdi.

Hündürlükdən suya tullanmaq Kurilov üçün problem deyildi, bunu dəfələrlə etmişdi. Pərlərdən qurtulmağı çətinliklə bacardı, çantanı da buraxmadı. Bundan sonra üzgəcləri geyindi, maskanı və borunu taxdı, daha lazımsız olan çantanı tulladı. İndi əgər onu akulalar yeməzdisə, yorulub batmazdısa, su axını açıq okeana aparmazdısa, dalğalar qayalara çırpmazdısa, Siarqao adasına çata biləcəkdi.

Slava xatirələrində ehtiyat üzündən kompas götürmədiyini, ulduzlara əsasən üzməyi planlaşdırdığını yazır. Amma həmin gün göy üzünü bulud örtmüşdü. Buna görə də bir müddət uzaqlaşan gəmiyə istinadən, daha sonra isə qarasına üzür. O, okeanda planlaşdırdığından çox – üç gecə, iki gün keçirir. O, bir tərəfdən məsafəni düz hesablamamışdı, digər tərəfdən də istinadı itirdiyindən su axını okeana tərəf aparmışdı.

Mütəmadi yoqa ilə məşğul olan Kurilov üçün ac və susuz qalmaq problem deyildi. Öz iddiasına görə, bir dəfə iki həftə susuz və 36 gün qidasız qala bilmişdi. Amma yuxusuzluqdan əziyyət çəkir. Üçüncü gecə ayaqları artıq işləmirdi, yalnız əllərinin köməyi ilə üzürdü. Bununla belə, akulalara rast gəlməməsi möcüzə idi. Beləcə o, yalnız üçüncü, dekabrın 15-dən 16-a keçən gecə sahilə çıxa bildi. Bu müddət ərzində o, təxminən 100 km məsafə qət etmişdi.

***

Gəmidə əvvəlcə onun göyərtədən yıxıldığını (yəqin ki, sərxoşluq səbəbindən) güman etdilər. Amma bir neçə gün sonra xarici radiostansiyalar heyrətamiz qaçış haqqında məlumat yaydılar. Bundan sonra SSRİ-də Kurilov üzərində qiyabi məhkəmə keçirildi, onu 10 il azadlıqdan məhrum etdilər.

Filippində də Kurilovun əvvəlcə casus ola biləcəyini düşündülər və 1,5 ay həbsxanada saxladılar. Amma həbsxana rəisi casus olduuna inanmadığından onun üçün yumşaq rejim tətbiq edir, bəzən gecələr hətta özü ilə barlara aparır. Elə rəisin köməyi ilə Kanada səfirliyi ilə əlaqə saxlanılır, Kurilovun bu ölkədəki bacısı tapılır. Sənədləşmə işləri bitdikdə, 1975-ci ilin iyununda Filippini tərk edərək Kanadaya gedir.

O, burada bir müddət müxtəlif işlərdə işləyir, daha sonra isə ixtisasına uyğun iş tapır. 1986-cı ildə İsrailə səfəri zamanı tanış olduğu qadınla evlənir və bu ölkədə məskunlaşır. Hayfa okeanşünaslıq institutunda çalışır. “Qaçış və ya okeanda tək” povesti çapdan çıxır.

Onun qaçışı SSRİ-də gizli saxlanılırdı. Yalnız 1991-ci ildə “Oqonyok” jurnalında povestindən parçalar çap olunanda geniş kütlələr bu heyrətamiz hadisədən xəbər tutdular. Haqqındakı məhkəmə hökmü ləğv olunsa da, SSRİ dağılandan sonra Rusiyada olmadı.

Stanislav Kurilov 1998-ci il yanvarın 29-da Təbəriyyə gölündə həlak oldu. O, tərəfdaşı ilə birlikdə gölün dibində qoyulan və balıqçı toruna ilişən aparatı azad etməyə çalışarkən özü tora dolanır və balondakı oksigeni işlətdikdən sonra boğulur.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image