Bakıda kirayədə birlikdə yaşadığı şəxsi qətlə yetirməkdə və meyitini hissələrə ayıraraq Ağsu rayonunda müxtəlif ərazilərə atmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Təqsirləndirilən Fazil Feyzullayevin çalışdığı şirkətin təsisçisi məhkəmədə bildirib ki, hadisə baş verən gün nə Fazil, nə də qətlə yetirilən İsgəndər Əliyev işə gəlib.
Şahidin sözlərinə görə, onların münasibətləri həmişə yaxşı olub:
“Onların münasibəti həmişə yaxşı olub. Hər ikisi rəsmi olaraq 200-400 manat arası əməkhaqqı alırdılar. Hadisədən əvvəl İsgəndərə pul lazım olmuşdu, ona 200 ABŞ dolları vermişdik. Fazildə isə heç vaxt dollar ola bilməzdi. O pul yəqin ki, İsgəndərin olub. Çünki Fazil işdə həmişə ondan-bundan borca pul alırdı”.
Şahid hadisə günü baş verən diqqətçəkən məqamı da açıqlayıb. Onun sözlərinə görə, hər iki əməkdaş işə gəlmədiyindən şirkətdən İsgəndərin mobil telefonuna zəng edilib.
Lakin telefonu açan şəxs xırıltılı səslə danışaraq boğazının ağrıdığını və bu səbəbdən işə çıxa bilmədiyini bildirib.
Şahid qeyd edib ki, yalnız polis hadisə barədə məlumat verdikdən sonra telefon danışığının arxasındakı həqiqət üzə çıxıb.
Məlum olub ki, həmin vaxt İsgəndərin telefonuna cavab verən və özünü xəstə kimi göstərmək üçün səsini dəyişən şəxs, şahidin bildirdiyinə görə, elə Fazil Feyzullayev olub.
Daha sonra məhkəmə sənədlərin tədqiqi mərhələsinə keçib. Proses zamanı hadisə yerində ifadələrin yoxlanılması ilə bağlı qeydə alınmış videogörüntülər nümayiş etdirilib.
Növbəti məhkəmə iclası dekabrın 9-na təyin olunub.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Bakının Nəsimi rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İstintaq materiallarına əsasən, avqustun 4-də saat 04:00 radələrində Fazil Feyzullayev və Ülvi Abbasovun qabaqcadan əlbir olaraq tamah məqsədilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatdığı zaman qətlə yetirmələrinə dair əsaslı şübhələr müəyyən edilib.
İttihama görə, daha sonra Fazil Feyzullayev cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayıraraq sellofan paketlərə yığıb və Ağsu rayonuna apararaq müxtəlif yerlərə atıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanılıb.
Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abbasov təqsirləndirilən şəxs qismində cəlb olunublar. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə məhkəmə araşdırması davam edir.Lent.az


























