AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində baş vermiş qəzası hər birimizi dərindən kədərləndirdi. Bu faciəvi hadisədə pilotların yüksək peşəkarlığı və fədakarlığı bir daha özünü göstərdi. Onlar öz həyatlarını qurban verərək, 2 ekipaj üzvünün və sərnişinlərin əksəriyyətinin həyatını xilas etməyə müvəffəq oldular. Bu qəhrəmanlıq nümunəsi dərin hörmət və ehtiramla yad edilir. Qəza baş verən andan hadisə ölkə rəhbərinin diqqətindədir.
Dekabrın 27-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bu hadisə ilə əlaqədar görülmüş tədbirlər barədə danışdı. Prezident hadisəni faciəvi bir sınaq adlandıraraq həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətin diqqətini çəkən bir sıra məqamlara toxundu.
Dekabrın 26-sında Azərbaycanda matəm elan olunması, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın vida mərasiminə qatılaraq həlak olanların ailə üzvləri və yaxınlarına başsağlığı və təskinlik verməsi, dərdlərinə şərik olması xalqımızın ağır və çətin günlərində, milli kədər anlarında xalqla bir yerdə olduğunu, mübarizliyini, dəyanətini göstərdi.
Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü – gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Həmin gün dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, eləcə də Zülfiqar Əsədov və Aydan Rəhimlinin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif etməsi isə xalqımızın qəhrəmanlarına verdiyi dəyərin növbəti təzahürdür.
Yanvarın 6-da isə ölkə başçısı İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev ilk növbədə ekipaj üzvlərinin qəhrəmanlığını fəaliyyətini, fədakarlığını çox yüksək qiymətləndirib. “Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər”.
Qəzanın təfərrüatları tam araşdırılacaq və bundan heç birimizin şübhəsi yoxdur. Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Ölkə rəhbəri qəti şəkildə bundan imtina etdi. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Cənab prezident müsahibəsində qeyd etdiyi kimi, əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.
Hər bir detalı diqqətdə saxlayan Prezident müsahibədə pilotların və ekipaj üzvlərinin peşəkarlığını və qəhrəmanlığını yüksək qiymətləndirdi. Təyyarənin idarəolunmaz vəziyyətdə olmasına baxmayaraq, pilotlar qəza enişi həyata keçirə biliblər və sərnişinlərin çoxu xilas edilib.
Prezident hadisənin beynəlxalq ekspertlər tərəfindən obyektiv araşdırılmasının zəruriliyini qeyd etdi. O, Rusiya tərəfindən məsələnin ört-basdır edilmə cəhdlərinin Azərbaycanın Dövlətlərarası Aviasiya Komitəsinin istintaqından imtina etməsinə səbəb olduğunu vurğuladı.
Görüşdə ölkə başçısı məlumat verib ki, təyyarənin “Qara qutu”ların açılması prosesinin başlanılıb. Bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz edilib və Azərbaycanın təkidi ilə bu proses Braziliyada həyata keçirilir. Burada əsas səbəb obyektivliyin sual altına düşə bilməsi, maraqların toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılıb və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Bununla da bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Ən əsası ilə məlumdur ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnib və radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. Lakin təyyarənin hansı səbəblərdən Aktau istiqamətinə göndərilməsi barədə məlumat hələ yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.
Prezident İlham Əliyev çıxışında hadisənin beynəlxalq miqyasda obyektiv araşdırılmasının və günahkarların cəzalandırılmasının vacibliyini vurğuladı. O, Azərbaycan hökumətinin bu məsələdə maksimum ədalətli yanaşma sərgilədiyini və ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracağını bildirdi.
“Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”, – Azərbaycan lideri vurğulayıb.
Ölkə rəhbərinin bu hadisəyə reaksiyası həm həmrəylik, həm də milli təhlükəsizlik məsələlərində prinsipial mövqe tutduğunu göstərir. Pilotlarımızın və qəzada həlak olan sərnişinlərin ailələrinə və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru