image-img-20250225-wa0035backend

Pakistan həmişə Azərbaycanın yanında olub

image-reklam_sirab_01

Azərbaycan hər zaman islam dünyası ilə sıx münasibətlər qurub. Bu baxımdan, ölkəmizin Pakistanla münasibətləri xüsusilə vurğulanmalıdır. Fevralın 24-də isə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana növbəti səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür.

Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur, siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Ümumiyyətlə, Pakistan həmişə Azərbaycanın haqq işini dəstəkləyib və bu günə kimi də Ermənistanla diplomatik əlaqələr qurmayıb, Ermənistanı dövlət kimi tanımayıb. Yeri gəlmişkən, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bir daha bu məqamın üzərində dayanıb. Baş nazir “Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki, bizim ikitərəfli ticarətimiz inkişaf etsin” deyə bildirib.
“Bu, bizim ticarət və investisiya münasibətlərimizdə ilk keyfiyyətli sıçrayış olacaq və qardaşlıq əlaqələrimizi əhəmiyyətli dərəcədə əks etdirəcək”, – deyən Baş nazir bildirib ki, çünki bizim dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə, beynəlxalq forumlarda düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olmuşdur. Lakin hesab edirəm ki, iş birliyimiz, ticarətimiz, investisiya münasibətlərimiz bizim əlaqələrin həqiqi gücünü əks etdirmirdi. Hesab edirəm ki, bu gün biz bu hədəfə çatdıq və İnşallah, bir aydan sonra biz həmin böyük qərarın həyata keçirilməsini qeyd edəcəyik”.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı İlham Əliyevlə keçirdiyi görüş zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərini ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini vurğulayıb. Ölkə başçısı bildirib ki, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq”, – deyən dövlətimizin başçısı bildirib ki, birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq.
Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Ümumiyyətlə, Türkiyə və Pakistan kimi ölkələrin mövqeyi və yürütdükləri siyasət türk dünyasında əlaqələrin inkişafına, türk dünyasının maraqlarının müdafiəsinə yönəlmiş siyasətin bariz nümunəsidir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image