image-4backend

Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər

image-reklam_sirab_01

Dekabr ayının 25-də baş verən təyyarə qəzası hər birimizi sarsıtdı. Həmin gün Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb.

Qəza baş verdikdən dərhal sonra Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan ölkə başçısı cənab İlham Əliyev Bakıya qayıdaraq, elə hava limanındaca xüsusi müşavirə keçirdi, Dövlət Komissiyasının yaradılması barədə sərəncam və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verdi.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək bir çox məsələlərə toxundu və təyyarənin pilotları və ekipaj üzvlərinin fəaliyyətini xüsusi qeyd etdi. “Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər”. “Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu”, – deyə dövlətimizin başçısı qeyd edib.

Müsahibədən dərhal sonra ölkə başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq qeyd edilib ki, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 sərnişin xilas edilib. Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov və ekipaj üzvü Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Bu da vətənin öz qəhrəman övladlarına verdiyi qiymətdir.

 

Vahid İsmayılov

Tarix üzrə fəlsəfə doktoru

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image