Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müşaviri Tənzilə Rüstəmxanlı deyib.

Millət vəkili Prezidentin sədrliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə ilə bağlı fikirlərini bölüşüb.

Deputatın sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki zəfərimizdən sonra Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür:

“Baxmayaraq ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir və bu da hamıya məlumdur ki, onların niyyəti vaxt uzatmaqdır. Ermənistan öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıra və Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının qurulmasına maneə yarada bilməyəcək”.

T. Rüstəmxanlı əlavə edib ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələbləri tarixi ədalət prinsipinə söykənir:

“Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən alındığı və Azərbaycan xalqına qarşı cinayət törədildiyi tarixi faktdır. Ölkə rəhbəri də bir daha vurğuladı ki, Azərbaycanın Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir. Söhbət şübhəsiz ki, Ermənistanın 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikdən gedir. Burada bir incə məqam da var: hətta Ermənistan qlobal mahiyyət daşıyan Zəngəzur dəhlizinə xarici təsir dairələrinin tələbi ilə razılaşmasa belə, Azərbaycanın bir hissəsi olan Naxçıvana Qərbi Azərbaycan ərazisindən maneəsiz keçid verməyə borcludur”.

VHP funksionerinin qənaətinə görə, mühüm məsələ odur ki, həmin torpaqlar tarixi Azərbaycan ərazisidir və Prezidentin qeyd etdiyi kimi, Qərbi Azərbaycanı cəmi 100 il öncə sovet hakimiyyəti cinayət yolu ilə Ermənistana verib:

“Buna rəğmən bu gün Ermənistana torpaq iddiamız yoxdur, ancaq maneəsiz keçid almaq haqqımız var. Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər. Ermənistan inad etməklə özünü blokada şəraitində saxlayır. Bu da qarşı tərəfin seçimidir. Əgər təcrid vəziyyətindən çıxmaq istəmirlərsə, Azərbaycan muxtar respublikaya öz çıxışını təmin edəcək. İtirən isə Ermənistandır. Amma gec-tez Zəngəzur dəhlizi ilə bağlı Paşinyan iqtidarı addım atmağa məcbur olacaq”.

“Bir sözlə, nəqliyyatla bağlı müşavirənin keçirilməsi, cənab Prezidentin çıxışı, verdiyi tapşırıq və göstərişlər dövlətimizin başçısının bütün sahələrə olduğu kimi, bu sahəyə də xüsusi diqqət və qayğı ilə yanaşdığını göstərir. Həyata keçirilən uğurlu və uzaqgörən siyasət nəticəsində Azərbaycan tezliklə dünyanın əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək”, – deyə o, fikirlərini tamamlayıb.