Türkiyənin “Qalatasaray” klubu mövsümün əvvəlində İngiltərənin “Bernli” komandasında icarəyə götürdüyü fransalı yarımmüdafiəçi Lesli Uqoçukvu ilə yollarını ayırmağı planlaşdırır.
“Sözcü” nəşrinin məlumatına görə, “Bernli” futbolçunun icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi üçün 3 milyon avro tələb edir. İngiltərə klubu alternativ olaraq Uqoçukvunun başqa komandaya icarəyə verilməsini də təklif edir. Bu səbəbdən “Qalatasaray” rəhbərliyi “Bernli” ilə danışıqlara başlayıb.
Qeyd edək ki, İstanbul təmsilçisi mövsümün əvvəlində futbolçunun icarəsi üçün 3 milyon avro ödəyib. Müqavilədə yarımmüdafiəçinin 22,5 milyon avroya birdəfəlik transfer edilməsi ilə bağlı satınalma bəndi də yer alıb. Lakin müqavilənin erkən ləğvi üçün tələb olunan 3 milyon avro həmin məbləğdən ayrıdır.
Uqoçukvu “Qalatasaray”ın heyətində indiyədək 7 oyunda meydana çıxıb və ümumilikdə 123 dəqiqə forma geyinib. O, bu görüşlərdə qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.


























