Bu günlərdə Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsi çərçivəsində “Rebuild Karabakh” 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı sərgisi” baş tutub.
İlk dəfə 2003-cü ildə təşkil olunan “Xəzər İnşaat Həftəsi” tikinti və infrastruktur sənayesi sahəsində öz mövqeyini təsdiqləyən nüfuzlu tədbirlərdən biridir. Burada dünyanın müxtəlif ölkələrinə məxsus çoxsaylı şirkətlər regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq fürsəti qazanırlar. Bu il dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi ilə bağlı keçirilən müzakirələr və təqdimatlar sözügedən tədbirin beynəlxalq əhəmiyyətini daha da artırıb. 22 ölkədən 380-dən çox şirkətin yer aldığı “Rebuild Karabakh” sərgisi İqtisadiyyat Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Şəhər İcra Hakimiyyəti, Qarabağ Dirçəliş Fondu tərəfindən dəstəklənib.
Bu barədə Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Qarabağın dirçəlişi sərgi təqdimatlarında” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
“Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur. Builki sərgi də məzmun və iştirakçılar baxımından yeniliklərlə zəngindir.
Prezident İlham Əliyevin sərgi iştirakçılarına müraciətində vurğulandığı kimi, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edən “Rebuild Karabakh” sərgisi bu mötəbər tədbirlərlə ortaq məqsədə, yəni, dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur.
Sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında da əhəmiyyətli rol oynayır.
Sərgi çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağda urbisid və ekosid” adlı fotosərginin təqdimatı, eyni zamanda, “Qarabağ – xalçaçılıq diyarı” guşəsində milli ornamentlərlə zəngin Qarabağ xalçalarının nümayişi böyük maraq və rəğbətlə qarşılandı.
Böyük Britaniya, Amerika, Rusiya, Çində beynəlxalq layihələrdə Qarabağ mədəniyyətini layiqincə təmsil edən sənətşünaslıq doktoru Gülnarə Xəlilova əsrarəngiz əl işləri ilə sərginin “Karabakh National Dresses” pavilyonunda xalqımızın mənəvi mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən milli geyimlərini təbliğ və təqdim edirdi.
Şuşa şəhər Dövlət Qoruq İdarəsinin Xankəndi, Ağdərə, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında “Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin 2024-cü ildə gördükləri işlərin icmalı” adlı panel müzakirəsi işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və abadlıq işləri haqqında geniş təsəvvür yaratdı.
“Ağdama qayıdan həyat” mövzusunda panel müzakirəsində digər məsul şəxslərin çıxışları ilə yanaşı, xüsusilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Elnur Qasımovun təhlilləri onu göstərdi ki, bu ərazilərdə dirçələn həyat sadəcə tikmək, qurmaq, yenidən yaratmaqla bitmir. İlk növbədə, görünən və ya görünməyən real təhlükəni aradan qaldırmaq üçün ANAMA müntəzəm və ardıcıl fəaliyyət aparır.
Tikinti və infrastruktur sahəsində ən son texnologiyaların, innovativ həllərin inteqrasiyasını təşviq edən və beynəlxalq biznes əlaqələrinin möhkəmləndirilməsinə töhfə verən bu mühüm beynəlxalq tədbir regionun iqtisadiyyatının davamlı inkişafına yönəlmiş layihələrin uğurla həyata keçirilməsi, strateji tərəfdaşlıq əlaqələrinin qurulması üçün əhəmiyyətli rol oynayır. Bu cür tədbirlər ümumilikdə iqtisadiyyatın inkişafına güclü təkan verməklə yanaşı, azad sahibkarlığın inkişafı üçün də əlavə imkanlar yaradır.
Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra həmin ərazilərdə nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılır. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində iqtisadiyyatımızın inkişafı üçün geniş imkanlar var. Təbii ki, bu imkanlar həmin ərazilərdə sənaye obyektlərinin yaranması, sahibkarlıq subyektlərinin artmasına da təkan verir. Prezidentin göstərişi və tapşırıqları əsasında yaradılan Ağdam Sənaye Parkı və orada fəaliyyət göstərən 9 müəssisə, Xankəndidə işə başlayan İpək kombinatı və tikiş fabriki dediklərimizin əyani təsdiqidir. Bu işdə Özbəkistan şirkətləri xüsusi fəallıq göstərirlər.
Ağdam Sənaye Parkında, “Araz Vadisi İqtisadi Zonası”nda fəaliyyət göstərən müəssisələr tərəfindən elektrik paylama avadanlıqları, beton transformatorlar, dam və fasad örtükləri, ventilyasiya sistemləri, metal məmulatlar istehsal edilir. Burada istehsal olunan məhsulların azad olunmuş ərazilərdə aparılan tikinti işlərində fəal şəkildə istifadə olunması yerli sahibkarlıq subyektlərinin güclənməsinə xidmət edir. Bir sözlə, görülən bütün işlər Qarabağ və Şərqin Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidən qurulmasına öz dəyərli töhfələrini verməkdədir.