Qəzənfər Mahmud oğlu Ağayevdən danışacam bu gün. Yenə qəhrəman sorağındayam…
1996-cı ildə Cəlilabad rayonun Təklə kəndində bir oğul dünyaya göz açır.
“Ət yeyən quş dumdiyindən bəlli olar” deyib atalar. Nə olacağı, hansı yolun yolçusu olacağı uşaqlıqdan bəlli idi. Yönünü tutmağa təhsilindən başlayır oğlan.
2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. “Qoşun kəşfiyyatı bölmə və hissələrin idarə edilməsi” ixtisası üzrə hərbi və eyni zamanda “xüsusi təyinatlı texnika və sistemlər” mülki ixtisası üzrə təhsil alıb 2017-ci ildə leytenant hərbi rütbəsi alaraq məzun olub Qoşunlarda xidmətə başlayır.
2017-ci ildə Goranboy rayonunun Aşağı Ağcakəndində yerləşən N saylı hərbi hissədə ixtisası üzrə tağım komandiri kimi,həmən ilin noyabr ayından isə Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə tağım,qrup və bölük komandiri vəzifələrində xidmət edir.
2020-ci ilin əvvəlindən başlayaraq döyüş hazırlığı planına uyğun olaraq hər il olduğu kimi ərazi dərslərimizdə fəaliyət göstərirdi. Təlimlər əlverişsiz hava şəraitində,çətin relyeflərdə keçirilirdi ki, şəxsi heyət hər an ona verilən istənilən tapşırığı yerinə yetirə bilsin. Bu təlimlər də hər zaman olduğu kimi müxtəlif ərazilərdə müxtəlif fəaliyətləri məşq etdirmək və yeni praktikalar qazandırmağa fokuslanmışdı. Bir neçə müddət davam edən təlim-məşqlər yekunlaşdıqdan sonra məzuniyətə çıxan qəhrəmanımızı evində xoş xəbər gözləyirdi. Sentyabrın 23-ü qızı Əsna dünyaya gəlir, övladının qoxusu burnunda tabor komandirliyi tərəfindən gələn zənglə xidməti yerinə qayıdan qəhrəmanımızı ilkin toplanma məntəqəsində toplaşan şəxsi heyət qarşılayır.
Beləcə zəfər salnaməsinin ilk günləri başlayır.
İlk tapşırıq Murov silsiləsi Murovdağ yüksəkliyi idi.
Qəhrəmanın dilindən:
“Bu tapşırıq bizim bir çoxlarımız üçün əlçatan görünürdü amma tapşırığımız düşmən postlarının boşluqlarından sızaraq dərinliyə girib, 3340 m yüksəklikə olan Murovdağ yüksəkliyinə çıxıb orda olan düşmən qüvvəsini məhv etmək, bayrağımızı qaldırmaq idi. Aldığımız döyüş əmrinə uyğun irəlilədik və 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqına ilk müjdə mesajını bizi idarə edən, bizi yönəldən və xalqa arxalanıb, xalqı sevən rəhbərimiz Ali Baş Komandanımız tərəfindən verildi. Əməliyat tapşırığına uyğun olaraq biz bölmə tərkibində düşmənin bir neçə postlarının ara boşluğundan sızaraq Murovdağ yüksəkliyinə 8 saat ərzində qalxdıq və orda olan düşmənləri ilk həmlədə məhv etdik və bölüyün ilk şəhidi orda oldu.
Murovdağı bizim digər qoşun növünə təhvi verib, Talış-Suqovuşan istiqamətinə cəlb edildik. Bu istiqamətdə bizim taborun kəşfiyyat bölüyü 1-ci eşalonda yerləşən düşmənə məxsus 22 postu, eyni zamanda Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu mövqe də daxil olmaqla nəzarətə götürüb təmizləmişdi.”
Həmin vaxt xüsusi təyinatlı kəşfiyyat bölüyündə qrup komamdiri olan Qəzənfərin Suqovuşan uğrunda gedən döyüşlərdə də haqqı danılmaz olur.
Talış kəndin üzərindən Suqovuşana daxil olan dəstəni orda fəaliyyət göstərən düşmənin canlı qüvvə və texnikaları qarşılayır. Qorxudarmı bunlar bizim igidlərin gözünü? Onların tapşırığı yüksəkliklər idi.
İki gecə yağış altında qalan hərbiçilərimizi Suqovuşana girişdə ilk yüksəkliyə hücum əsnasında düşmən hərbiçiləri görsə də, hücum dayanmır, ilk həmlədə 50-dən çox düşmən hərbiçilərini məhv edilir.
“Bir neçə uğurlu həmlələrdən sonra pusquya düşdük. Pusqu zamanı 5 nəfər döyüş yoldaşımız ağır yaralanaraq şəhid oldular və biz idarəetməni itirdik.”
Daha sonra Suqovuşanda yerləşən növbəti strateji yüksəkliyi azad etmək üçün hücum edəndə qəhrəmanımız xüsusi təyinatlı kəşfiyyat bölüyünün komandiri kimi həm döyüşü idarə edir həmdə igidliklə döyüşür. Öz igidliyindən çox əsgərinin şücaəti ilə öyünür qəhrəmanımız:
“Mənimlə çiyin-çiyinə döyüşən igidlərin sayəsində bu tapşırığı şəhid vermədən icra etdim. Şəxsi heyətimin yüksək hazırlığı və ixtisasımızın əlverişliyi baxımından idi. “
Gecə yerinə yetrilən tapşırıqlar həddindən artıq diqqət və sərrastlıq tələb edir və bu mövzuda şəxsi heyətin profesional olmağı şərt idi.
Bölük komandiri kimi fəaliyət göstərdiyi bütün tapşırıqlarda yüksək dəqiqlik və ustalıq göstərərək şəxsi heyətin güc, qabiliyyətləri ilə ən çox nəticə ilə cəlb olunduğu tapşırıqdan ayrılıb.
Suqovuşanda yerləşən strateji yüksəkliyə hücum edərkən orda yerləşən düşmənin xüsusi təyinatlıları ilə qarşılaşmış və onlarla təkbətək mübarizəyə başlayan Qəzənfər və igidlərimiz ərazi relyefi və müdafiəsi cəhətdən qarşı tərəfin üstün olmaqlarına baxmayaraq onları darmadağın etməyə müvəffəq olurlar.
“Bizim tabor olaraq birbaşa kontakt edən iki döyüş bölməmiz vardı və mən bunlardan birinin-xüsusi təyinatlı kəşfiyyat bölüyünün komandiri idim. Tapşırıqlar əsnasında bölməmdən 7 nəfər, ümumi tabordan isə 26 nəfər döyüşçü şəhadətə yüksəlmişdir. Bu tapşırıqlarda bir neçə ağır və yüngül yaralılarım olduğu üçün imkan və qabliyətlərim bəzən məhdud saya düşürdü.Buna baxmayaraq yenədə qarşıya qoyulan hər tapşırıq son nəfəsə qədər icra olunurdu.”
Növbəti tapşırıqlardan biridə “Tonaşen” kəndi istiqamətində olan yüksəklik idi. Həmin tapşırıqda bölüyün sonuncu şəhidini verilir. Aydın məsələdir ki, bu uğurlar və hər addımda qazanılan qələbələr heç də asan başa gəlmirdi…
Bütün bunlara baxmayaraq bir neçə dəfə hücum edilib lakin qazanılmayan nöqtələr də olurdu ki, bu da ən çətin tapşırıqlardan sayılırdı. Qəhrəmanımız bölük tərkibində bu tapşırıqları ən qısa zamanda minumum hasarla yerinə yetirmək üçün canını bir an belə düşünmədi.
“Təbii ki, qələbə qurbansız olmur və bizlər də hər zaman özümüzü buna hazırlamışdıq həm zehni, həmdə cismi. Atdığımız hər addımda ölümün olduğunu bilirdik amma tapşırığı həll edib xalqı sevindirmək və Vətən həsrətini bitirmək hissi insanın öz canından da şirin imiş.”
Qəhrəmanımızdan bu söhbəti dinlədikcə heç zaman əskilməyən fəxarət hissim dolub-daşır qəlbimdən. Nə yaxşı ki, bu Vətənin övladıyam deyirəm, nə yaxşı ki, belə oğulları olan yurdda doğulmuşam. Sizi verənə Şükür, torpağımın qəhrəman yetişdirən qüdrətinə Şükür. Xoşbəxtəm ki, sizinlə həmvətənəm,igidlər…
Beləcə, bir qəhrəmanlıq yazımı da elə qəhrəmanın öz sözləri ilə tamamlayıram:
“Böyük və güclü, qüdrətli Azərbaycan üçün atılan hər addım zəfərlə sonlansın. Vətən,sənə canımız fəda!…”
Gülər Mübariz