image-1backend

Qoy hamı mənə “dəli” desin -Vüqar Əlisoy yazır…

image-reklam_sirab_01

Kapitan İqor Kşnyakin llərdir ki, aramızda bizlərdən biri kimi:dost,qonşu,ailə başçısı,kolleqa olaraq sadə və təvazökar bir ömür yaşadı.

İmza atdığı uğurlarının da,öz sahəsində göstərdiyi xidmətlərinin də sayı az olmamışdı.Vətəndaş kimi, peşəkar təyyarə pilotu kimi ölkəyə də, xalqa da vicdanla, ləyaqətlə xidmət eləmişdi.

Ailəsi,yaxın tanışları və həmkarları istisna olmaqla heç kimin tanımadığı sadə bir insan,peşəkar aviasiya xadimi idi.

Düşdüyü kritik vəziyyətdə ona həvalə olunmuş insanların xilası uğrunda özünü qurban verdiyi andan isə milyonların sevimlisi kimi dəfn edildi,qəhrəman kimi anıldı,şəhid kimi ayrıldı bizdən.
Allah o dünyasını versin! Hamı kimi mən də baş verənlərə üzülür, mərhumun əzizlərinə baş sağlığı verir və həlak olan günahsız insanların faciəsinə acıyıram. Amma,eyni zamanda ürəyimdən bir arzu da keçir.Tanrı aramızda yaşayan,tanıdı-tanımadı hər kəsin yolunda canını verməyə hazır olan potensial qəhrəmanlarımızı qorusun!

Yaşadığımız matəm günlərində baş vermiş qəzanın səbəblərilə bağlı müxtəlif mənbələrdən səslənən ehtimalları izlədikcə,bort komandiri Şnyakinin qəhrəmanlığıyla bağlı şahid ifadələrini dinlədikcə bir məsələyə fokuslandım. Xalqımızın,dövlətimizin,övladlarımızın uğrunda anındaca,tərəddüd etmədən özünü qurban verməyə hazır olan minlərlə, onminlərlə qəhrəmanların hər şeyə rəğmən tükənmədiyinin,onların hər an bizlə yanaşı yaşadığının,aramızda, sıralarımızda olduğunun bir daha fərqinə vardım.
Bir daha düşündüm: axı,küçədə,şəhərdə,toyda,tədbirdə grdüyümüz,bizdən olduğuna şübhə etmədiyimiz,ancaq, şəxsən tanımadığımız həmvətənlərimiz var ki,onlara ürəyimizdən keçsə də,sadəcə tanımadığımız biri olması səbəbindən yaxınlaşıb salam verməyə belə tərəddüd edirik. “Adama çəpəki baxarlar,dəli deyərlər” deyə özümüzə bəraət qazandırırıq.Heç ağlımıza belə gəlmir ki,laqeyidcəsinə yanından ötüb keçdiyimiz,görməzdən gəldiyimiz bu sadə adamlar nə vaxtsa sənin,mənim,hamımızın xilaskarı ola bilər. Bəli,bəli…Ola bilər. Şəxsən mən buna inanıram. Poladın, Mübarizin, Vəzirin,Aqarunovun, styuardessa Hökumənin, Aleksandr Kalyaninov və Kşnyakin kimi yüzlərlə qəhrəmanın həmvətəni, müasiri olan biri kimi inanıram.

Lütfən,bir anlığa onlarla insanın xilaskarı,igid kapitan Kşnyakinlə eyni binada və ya,eyni küçədə yaşayıb,onunla kəlmə kəsməmiş,bir yerdə işləyib salam verməyə çəkinmiş, bir avtobusda işə gedib,onunla həmsöhbət olmamış insanların indi nələr çəkdiyini,hansı hisslər keçirdiyini siz də təsəvvür etməyə çalışın.

Sizi bilmirəm,amma,mən,günü sabahdan tanısam da,tanımasam da gördüyüm,üz-üzə gəldiyim,yanından ötüb keçdiyim hər kəsə salam verib,əlini sıxacam və gülümsünüb: – necəsən, qəhrəman qardaşım?,- deyəcəm.

Qoy hamı mənə “dəli” desin.

Vüqar ƏLİSOY


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image