Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Etibar Əliyev bundan bir neçə gün öncə maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, AMEA-nın prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva BDU-da “Psixologiya” üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Hətta bunu şərt kimi qoyur. Buna səbəb isə onun Azərbaycan dilini bilməməsidir.
Veteninfo.az xəbər verir ki, Yenisabah.az-ın əməkdaşı səsləndirilən iddia ilə bağlı BDU-nun Mətbuat katibi Günel İsgəndərova ilə əlaqə saxlayıb. G.İsgəndərova bu iddiaların əsassız olduğunu qeyd edib. Onun açıqlamasını təqdim edirik:
“Sizcə, belə bir şeyin olma ehtimalı varmı? Bu, əlbəttə ki, dezinformasiyadır.
Elə bir ehtimal belə yoxdur, çünki müdafiələr Azərbaycan dilində olur. Müdafiəçi, əgər rusdillidirsə, bizdə işini rus dilində müdafiə edə bilir.
Onu da qeyd edim ki, müdafiə prosesində tərcüməçilər də olur. Həm də o şuraları biz özümüz müəyyənləşdirmirik. Onlar Prezident yanında Dövlət Ali Atestassiya Komitəsi tərəfindən müəyyən olunur. Siz ora da müraciət edə bilərsiniz”.