Dekabr ayının 25-də baş verən təyyarə qəzası hər birimizi sarsıtdı. Həmin gün Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb.
Qəza baş verdikdən dərhal sonra Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan ölkə başçısı cənab İlham Əliyev Bakıya qayıdaraq, elə hava limanındaca xüsusi müşavirə keçirdi, Dövlət Komissiyasının yaradılması barədə sərəncam və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verdi.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək bir sıra məsələlərə aydınlıq gətirdi, dövlətimizin mövqeyini çatdırdı.
Qeyd edildi ki, qəzaya uğrayan təyyarənin füzelyajının dəlik-deşik olması mühərrikə quş düşməsi versiyasını tamamilə gündəlikdən çıxardı. Dövlətimizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”.
Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.
Dövlətimizin başçısı bildirib: “Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək”.
Öz müsahibəsində Prezident İlham Əliyev təyyarə qəzasının səbəbkarı olan Rusiya tərəfi qarşısında tələblərin açıq şəkildə bildirildiyini deyib. Dövlətimizin başçısı bildirib: “Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır”.
Hadisədən keçən az müddət ərzində Rusiya Prezidenti Vladimir Putin artıq 2 dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Hər iki telefon danışıqları zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.
Təyarə qəzasından sonra artıq AZAL şirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırıb. Buna səbəb Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanması, orada xüsusi əməliyyat rejimi tətbiq edilməsidir. Dövlət başçısının bildirdiyinə görə AZAL müddətsiz olaraq Rusiyanın yeddi şəhərinə öz uçuşlarını, həmçinin Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırıb. Bu da ilk növbədə təhlükəsizlik məsələləri ilə əlaqədardır.
Metin Hüseynov – siyasi sərhçi, politoloq