image-img-20250226-wa0092backend

Seulda Xocalı soyqırımına həsr olunan ikinci simpozium keçirilib – FOTO

image-reklam_sirab_01

Azərbaycanın Cənubi Koreyadakı səfirliyi DGIEA Koreya-Azərbaycan Assosiasiyası və Koreyanın “Eduniety Lab” təhsil agentliyi ilə birlikdə Seul şəhərinin Yonqsan rayon bələdiyyəsinin binasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan simpozium təşkil edib. Bu, Koreya Respublikasında Xocalı soyqırımına həsr olunmuş sayca ikinci simpoziumdur.

Cənubi Koreyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşlarının, Koreyanın siyasi, iqtisadi, mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələrinin, media təmsilçilərinin və Azərbaycan diasporunun üzvlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan səfir Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları və ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri barədə məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının rolundan danışan səfir Xocalı həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpasının həm Xocalı qurbanlarının ruhu qarşısında mənəvi borc olduğunu, həm də gələcəkdə insanlığa qarşı cinayətlərin qarşısının alınması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
Vətən Müharibəsində qazandığımız şanlı qələbə və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizin bərpa edilməsini diqqətə çatdıran Ramin Həsənov Xocalı cəlladlarından bəzilərinin hazırda Bakıda ədalət mühakiməsi qarşısına çıxarıldıqlarını da diqqətə çatdırıb və vurğulayıb ki, dünya ictimaiyyəti bütün müharibə cinayətkarlarının cəzalandırılması üçün həmrəy olmalıdır.
Səfir eyni zamanda, Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişatına toxunub. “Ermənistan ölkəmizə qarşı ərazi iddialarından səmimi şəkildə imtina edərsə və həqiqətən sülhə nail olmağa çalışdığını nümayiş etdirərsə, regionda davamlı sülh əldə etmək mümkündür”, – deyən diplomat, tədbir iştirakçılarını işğaldan azad olunmuş ərazilərimizin bərpası, minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin geri qayıtması, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl zona” elan edilməsi barədə məlumatlandırıb.
Səfir R.Həsənov ölkəmizin Koreya Respublikası ilə əməkdaşlıq məsələlərinə toxunub. İstər işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, istər Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ötən ili “Yaşıl İnkişaf naminə Həmrəylik İli” kimi qeyd etmiş Azərbaycanın daxili və xarici siyasət gündəliyində yer alan ətraf mühit və yaşıl enerji məsələləri, istərsə də regional və beynəlxalq məsələlərlə əlaqədar iki ölkə arasında böyük əməkdaşlıq potensialının mövcud olduğunu vurğulayıb.
Tədirin tərəfdaşları qismində DGIEA Koreya-Azərbaycan Assosiasiyasının prezidenti Li Min Yonq və “Eduniety Lab” təhsil agentliyinin baş icraçı məmuru Li Kitek çıxışlarında Xocalının günahsız sakinlərinin soyqırımına məruz qalmasını insanlığın faciəsi adlandırıblar. Bildirilib ki, Xocalı soyqırımı unudulmamalıdır.
Sonra“The Korea Global Times” saytının naşiri xanım Ço Coyun aparıcılığı ilə panel müzakirələri keçirilib.
Koreyanın Hankuk Xarici Dillər Universitetinin Türkiyəşünaslıq-Azərbaycanşünaslıq kafedrasının rəhbəri, professor Oh Çonq-cin işğaldan azad olunmuş Şuşa şəhərinin bərpası prosesində Koreya təcrübəsindən istifadə olunmasını nəzərdə tutan tədqiqat layihəsi barədə məlumat verib, bu xüsusda Şuşa şəhərinin Azərbaycan tarixi və mədəniyyətində yerini vurğulayıb.
Koreyalı tarixçi və köşə yazarı Lim Myeonq-Muk post-münaqişə məsələləri, regionda cərəyan edən proseslər barədə danışıb, Azərbaycanın davamlı sülhə nail olmaq üçün göstərdiyi səyləri vurğulayıb. O, eləcə də, geosiyasi faktorları, qlobal və regional güclərin rolunu təhlil edib.
Koreyanın İnha Universitetinin multikultural təhsil kafedrasının dosenti Oh Yonq-Sub təmsil etdiyi təhsil ocağı ilə Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq, eləcə də bu çərçivədə həyata keçirilən ikili diplom proqramı barədə məlumat verib. O, Azərbaycanın multikultural dəyərlərindən bəhs edərək, bunun Koreyada təhsil alan azərbaycanlı gənclərin davranışında da özünü büruzə verdiyini diqqətə çatdırıb.
“Eduniety Lab” agentliyinin tədqiqat institutunun rəhbəri xanım Lim Sunq Hee təmsil etdiyi qurumun ölkəmizdə təhsil sahəsində icra etdiyi layihələr barədə məlumat verib və bu xüsusda Azərbaycanın təhsil qurumları ilə səmərəli əməkdaşlıqdan bəhs edib.
Koreyalı yazıçı və redaktor, ədəbiyyat sahəsində xidmətlərinə görə Koreyanın nüfuzlu mükafatlarının laureatı, Azərbaycanın xalq nağıllarının Koreya dillində dərc olunduğu “Günəşin məhəbbəti” adlı kitabın redaktoru Yu Sucin Azərbaycanın xalq ədəbiyyatı ilə tanışlığı, folklor nümunələrimizə marağının yaranması barədə məlumat verib, nağıl personajlarının nümunəsində Azərbaycanın milli-mədəni dəyərlərini təhlil edib. Sonra auditoriyanın sualları cavablandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image