Ağstafa RİH başçısının rayonun Qaçaq Kərəm və Göycəli kənd tam
orta məktəb binalarında keçirdiyi növbəti səyyar qəbullarda yerli hüquq-
mühafizə strukturlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilatları
təmsil edən məsul şəxslər, eyni zamanda, həmin kəndlərin sakinləri iştirak
ediblər.
Səyyar qəbullarda çıxış edən RİH başçısı qeyd edib ki, hər kəs
ölkəmizin bütün sahələrində artan uğurlarına diqqət yetirdikdə Prezident
İlham Əliyevin müdrik və qətiiyyətli rəhbərliyini açıq-aydın görür.
Azərbaycan 30 ildən artıq işğal altında qalan torpaqlarında tam
suverenliyini bərpa etməklə Cənubi Qafqazda davamlı sülh, sabitlik və
regional rifah üçün tarixi fürsət yaratmışdır. Hazırda dünyanın geosiyasi
mənzərəsinin heç də ürəkaçan olmadığı bir zamanda regionun lider dövləti
kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır və daha da
möhkəmləndirir. Ölkəmizin sabitlik modeli bir çox dövlətlər tərəfindən
nümunə kimi qəbul olunur. Seymur Orucov vətəndaşlarla görüşlərin və
səyyar qəbulların əhəmiyyətindən də söz açaraq bildirib ki, başlıca məqsəd
əhalini narahat edən məsələləri dərindən araşdırmaq və operativ həllinə
nail olmaqdan ibarətdir. Vətəndaş məmnunluğunun artırılmasına xidmət
edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil
olmaqla da hər kəs yaşadığı ünvanı tərk etmədən rahat şəkildə istənilən
məzmunlu müraciətini aidiyyəti üzrə ünvanlaya bilər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və
qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə
məsul şəxslərə konkret tapşırıqlar verilib. Həmçinin yerli icra
hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlər aidiyyəti qurumlara
çatdırılması üçün nəzarətə götürülüb.