Ukraynada müharibənin başa çatması üçün Kiyev ərazi məsələsində güzəştlərə getməli və NATO-ya üzvlük planından imtina etməlidir. Bu fikri Böyük Britaniyanın “The Times” nəşrinin köşə yazarı Metyu Perris irəli sürüb.
Onun fikrincə, münaqişənin dayandırılması üçün Ukrayna Krımla bağlı iddialarından, eləcə də əhalisinin əksəriyyətinin rusdilli olduğu şərq bölgələrinə dair ərazi tələblərindən geri çəkilməyi nəzərdən keçirməlidir.
Perris hesab edir ki, Moskvanın NATO məsələsindəki mövqeyi nəzərə alınaraq, Kiyev alyansa üzvlük istəyindən də imtina etməlidir. Bunun əvəzində Ukraynanın Avropa İttifaqına üzvlük perspektivi qoruna bilər.
Britaniyalı jurnalist Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün alternativ mexanizm də təklif edib. Onun fikrincə, Avropa ölkələrinin, ABŞ-ın və beynəlxalq müşahidəçilərin Ukrayna ərazisində yerləşdirilməsi mümkün təhlükəsizlik təminatlarından biri ola bilər.
Perris ərazi məsələsində heç bir güzəştə getməyin mümkün olmadığını bildirən Britaniya və Ukrayna siyasətçilərinin, eləcə də ekspertlərin mövqeyini qeyri-real hesab edib. O iddia edir ki, müharibənin bu yanaşma ilə davam etdirilməsi Ukraynada humanitar fəlakətin dərinləşməsinə və Avropa ölkələrinin iqtisadi resurslarının tükənməsinə səbəb ola bilər.
Qeyd edək ki, Metyu Perrisin irəli sürdüyü təkliflər onun şəxsi mövqeyini əks etdirir. Ukraynanın ərazi bütövlüyü, təhlükəsizlik təminatları və NATO-ya üzvlük məsələləri müharibənin dayandırılması ilə bağlı müzakirələrin əsas mübahisəli mövzuları olaraq qalır.


























