image-reklam-veteninfo
image-2backend

TDT təhlükəsizlik sahəsində də birgə fəaliyyətini gücləndirir  

image-reklam-veteninfo

Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına və türk dövlətləri arasında birliyin möhkəmlənməsinə strateji əhəmiyyət verir. Bu münasibətin arxasında siyasi maraqların uyğunluğundan daha dərin bir düşüncə dayanır. Türk dünyasının birliyi Azərbaycan üçün tarixdən gələn mənəvi bağlılığın bugünün siyasi reallıqları ilə ifadəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın TDT-nin güclənməsinə verdiyi siyasi dəstək, irəli sürdüyü təşəbbüslər və ardıcıl mövqeyi də bu düşüncənin dövlət siyasətindəki davamıdır.
Prezident İlham Əliyevin Şamaxıda TDT-yə üzv dövlətlərin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi Azərbaycanın türk dövlətləri arasında təhlükəsizlik əlaqələrinin möhkəmlənməsinə verdiyi əhəmiyyətin göstəricisidir. Şübhəsiz ki, təhlükəsizlik dövlətlərin bu gününü və sabaha olan inamını müəyyən edən əsas məsələlərdəndir. Bu sahədə təmasların genişlənməsi türk dövlətlərinin bir-birinin təhlükəsizlik qayğılarına daha yaxından yanaşdığını göstərir. Şamaxı görüşü türk dünyasının təhlükəsizlik məsələlərinə münasibətdə ortaq məsuliyyət düşüncəsinin gücləndiyini göstərən mühüm siyasi hadisə kimi diqqət çəkdi.

Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər təşkilatın son illərdə keçdiyi inkişaf yolunu və qarşıdakı vəzifələri aydın şəkildə ortaya qoydu.

Dövlət başçısı haqlı olaraq bildirdi ki, 2009-cu ildə Naxçıvanda əsası qoyulan təşəbbüs bu gün təhlükəsizlik, enerji, nəqliyyat, ticarət və humanitar əlaqələri əhatə edən geniş siyasi platformaya çevrilməkdədir. Bu inkişaf Türk dövlətləri arasında formalaşan siyasi iradənin, qarşılıqlı etimadın və ortaq maraqların nəticəsidir. TDT-nin geniş coğrafiyası, zəngin resursları və mühüm nəqliyyat dəhlizləri təşkilatın beynəlxalq sistemdə artan rolunu gücləndirir. Prezident İlham Əliyev çıxışında bu reallığı təhlükəsizlik məsələsi ilə sıx əlaqələndirərək qeyd etdi ki, enerji və nəqliyyat imkanlarının qorunması, regional sabitliyin təmin edilməsi və dövlətlər arasında təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi Türk dünyasının gələcək inkişafının əsas dayaqlarındandır. Bu reallıq TDT daxilində təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsini zəruri edir. Çünki Türk dövlətlərinin ümumi gücü onların ortaq təhlükəsizlik və sabitlik mühitinin qorunması ilə sıx bağlıdır.

Prezident İlham Əliyev dünyada mövcud olan mürəkkəb problemlərin yaşandığı bir vaxtda TDT-nin inkişafına toxunaraq təşkilatın uğurunda üzv dövlətlərin ərazilərində sabitlik, sülh və təhlükəsizliyin mühüm rol oynadığını bildirdi. Dövlət başçısının vurğuladığı kimi bugünkü siyasi reallıqlar fonunda sabitlik və təhlükəsizlik hər bir inkişafın əsasını təşkil edir. Bu amillərin mövcudluğu investisiyaların, yeni texnologiyaların və innovasiyaların cəlb olunması üçün əlverişli şərait yaradır.

Dövlət başçısı TDT məkanında müşahidə olunan iqtisadi artıma da toxundu. Sənaye istehsalının artması, müsbət iqtisadi göstəricilər və sabit maliyyə sistemləri Türk dövlətlərinin inkişaf potensialını nümayiş etdirir. Dünyanın müxtəlif bölgələrində iqtisadi və sosial çətinliklərin yaşandığı bir vaxtda TDT məkanında müsbət dinamikanın qorunması üzv dövlətlərdə həyata keçirilən ardıcıl siyasətin nəticəsi kimi diqqəti cəlb edir.

Prezident İlham Əliyev mühüm bir məsələyə toxunaraq bəyan etdi ki, dövlətlərin ardıcıl inkişafı və konstitusiya quruluşunun qorunması üçün ölkələrimizə və xalqlarımıza qarşı yönələn ideoloji təxribatlara qarşı birgə mübarizə aparılmalıdır. Dövlət başçısı uzaq mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə yayılan yad narrativlərin ictimai həmrəyliyə, dövlət quruluşuna və milli dəyərlərə təsir göstərməsinə münasibət bildirərək Azərbaycanın bu istiqamətdə fəal mübarizə apardığını və böyük nəticələr əldə etdiyini bildirdi. Beləliklə, TDT-nin daha da inkişafı Prezident İlham Əliyevin qeyd etdiyi kimi üzv dövlətlər arasında qarşılıqlı etimadın, təhlükəsizlik sahəsində birgə fəaliyyətin və ortaq dəyərlərə bağlılığın daha da gücləndirilməsindən keçir.

 Tufan Məmmədov – iqtisadçı ekspert

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki