image-ulvibackend

TƏƏSSÜF Kİ, REALLIQ BUDUR…

image-reklam_sirab_01

Son 30 ildə Azərbaycana qarşı çoxsaylı ayrı-seçkilik faktlarının şahidi olmuşuq, bir deyil, iki deyil. Bu, az qala son iki əsrin mənzərəsidir.

Təəssüf ki, özümüzdən olan, amma xaricdə məskunlaşıb məqsədli şəkildə Azərbaycan əleyhinə təbliğat aparan bəziləri bu gerçəkliyi bilərəkdən ya görməzdən gəlir, ya da əcaib reallığa sadəlövhcəsinə inanmaq istəmir. Bu səbəbdən belələrinin nəzərinə: Rusiya-Ukrayna müharibəsinə görə ABŞ və Avropa, bütövlükdə birləşmiş Qərb Rusiyaya qarşı iqtisadi sanksiyalardan tutmuş hərbiyə qədər ən kəskin tədbirlər paketini həyata keçirir, Ukraynanın ərazi bütövlüyünü şübhə altına alan istənilən cəhdi haqlı olaraq yolverilməz hesab edir. Təəssüf ki, Azərbaycana gəldikdə, eyni münasibəti görmürük. Bir aydan artıqdır ki, ölkəmizin ekoaktivistləri və QHT nümayəndələri Laçın yolunda aksiya keçirirlər: Azərbaycan vətəndaşları Azərbaycan ərazisində öz hüquqlarından istifadə edərək ekoloji terrora və təbii sərvətlərimizin qanunsuz istismarına qarşı dinc etiraz aksiyasında iştirak edirlər. Faktiki olaraq, bu aksiya işğaldan azad olunmuş ərazilərimiz üzərində ölkəmizin suverenliyinin təmin olunması uğrunda keçirilən ictimai və beynəlxalq əhəmiyyətli tədbirdir. Təəssüf ki, Ukraynada olduğu kimi bunu təqdir etmək əvəzinə, mütərəqqi dünyanın ən güclü subyektləri ya susur, ya da ermənipərəst ölkələrin ötürməsi ilə beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Azərbaycan əleyhinə iş aparırlar. Avropa məkanında Rusiyanı işğalçı hesab edən Qərb Azərbaycana, onun ayrılmaz tərkib hissəsi olan Qarabağa gəldikdə, Rusiyanı ya sülhməramlı hesab edir, ya da az qala onu əməkdaşlıq üçün yeganə ünvan qismində qəbul edir. Bu ikili yanaşma başqa heç bir coğrafiyada baş vermir. Qərb bilə-bilə ki, azərbaycanlıların keçirdiyi dinc etiraz aksiyası Qarabağdakı etnik erməni azlığı üçün heç bir humanitar təhlükə yaratmır, cəmiyyətimizə yaxşı məlum olan ermənipərəst dairələrin ötürməsi ilə anti-Azərbaycan təbliğatında vasitəçiyə çevrilir. Neçənci dəfədir ki, təəssüf ifadəsini işlədirəm. Amma bir daha təəssüf ki, baş verənlər türkofobiyanın və bəzilərinin istəyinin əleyhinə olaraq Vətən müharibəsində Zəfər qazanmış müstəqil Azərbaycana qarşı aparılan sistemli anti-təbliğatın tərkib hissəsidir. İkinci paradoks: Türkiyənin İsveçin NATO üzvlüyünə qəbul olunması məsələsi ilə bağlı yalnız bir şərti var idi: terror təşkilatının fəaliyyətinin qadağan olunması və İsveçdə yaşayan terrorçuların Türkiyəyə təhvil verilməsi. İsveçin paytaxtında həmin terror təşkilatı üzvlərinin qardaş Türkiyənin Prezidentinə qarşı təşkil etdikləri iyrənc aksiya bir daha sübut edir ki, Türkiyə irəli sürdüyü tələbində tam haqlı idi. Bu haqlı tələbə Qərb və ilk növbədə NATO ölkələri həssas yanaşmadıqları üçün, bu cür iyrənc və anti-demokratik bir aksiya Avropanın mərkəzində baş tutdu. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu aksiya ilə bağlı bəyan etdi ki, nə ABŞ, nə də Rusiya Suriyadakı terror təşkilatlarının fəaliyyətinə son qoyulması ilə bağlı verdikləri sözə əməl etmədilər. Ukraynada maraqları toqquşan iki nəhəng dövlətin mövqeyi Türkiyəyə gəldikdə yenidən üst-üstə düşürsə, ədalətli mövqeni harada axtarmalıyıq və ədaləti kimin tərəfində görməliyik? Əgər haqsızlıq, ədalətsizlik və bölücülük deyilsə, bu nədir? Təəssüf ki, reallıq budur…

Ülvi Quliyev

Millət vəkili

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki