image-3backend

Təyyarə qəzası zamanı pilotlarımız əsil qəhrəmanlıq göstərdilər

image-reklam_sirab_01

Dekabr ayının 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. 38-in həlak olduğu bu qəzada 29 sərnişin təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində sağ qalıblar.

Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü – gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb. Qəzada həlak olan sərnişinlər də ölkənin müxtəlif bölgələrində dəfn ediliblər.

 Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva   qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Öz müsahibəsində ölkə başçısı təyyarənin pilotları və ekipaj üzvlərinin şücaətini xüsusi olaraq vurğulayıb. “Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər”. “Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu”, – deyə dövlətimizin başçısı qeyd edib.

Müsahibədən dərhal sonra ölkə başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq qeyd edilib ki, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 sərnişin xilas edilib. Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov və ekipaj üzvü Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Bununla da ölkə rəhbərimiz öz qəhrəman övladlarının qəhrəmanlığını və sücaətini xüsusi qeyd edib.

 Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image