Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “LUKOIL” şirkətinin təsisçisi və əsas səhmdarı Vahid Ələkbərovu qəbul edib.
Görüş zamanı “LUKOIL”un Qazaxıstandakı fəaliyyəti, ölkənin neft-qaz sektorunda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ələkbərov Tokayevə şirkətin Qazaxıstandakı mövcud fəaliyyəti və gələcək planları barədə məlumat verib. Tərəflər neft-qaz sektorunda birgə layihələrin inkişafı, investisiya imkanları və əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
Qeyd edək ki, “LUKOIL”un Qazaxıstanda “Kalamkas-More”, “Xəzər”, “Zhenis” və “Əl-Farabi” layihələrində iştirakı var. Şirkət xüsusilə Xəzər dənizindəki “Kalamkas-More” və “Xəzər” yataqları üzrə “KazMunayGas”la birgə fəaliyyət göstərir.
Görüş “LUKOIL”un beynəlxalq aktivləri ilə bağlı proseslərin davam etdiyi bir vaxta təsadüf edir. Şirkətə qarşı tətbiq edilən ABŞ sanksiyalarından sonra onun xarici aktivlərinin satışı gündəmə gəlib.
Bu fonda Tokayevlə Ələkbərovun görüşü “LUKOIL”un Qazaxıstandakı layihələrinin gələcək taleyi və ölkədəki fəaliyyətinin davam etdirilməsi baxımından diqqət çəkir.


























