ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona İrana qarşı mümkün hərbi zərbələrlə bağlı variantlar hazırlamağı tapşırıb.
Vətəninfo.az xəbər verir ki, “The Atlantic” nəşrinin administrasiyadakı mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Evdə İrandakı hədəflərə zərbələrin ABŞ-da keçiriləcək noyabr ara seçkilərindən əvvəl həyata keçirilməsi ehtimalı müzakirə olunur.
Mənbələrin bildirdiyinə görə, mümkün əməliyyatın miqyası və hədəfləri, eləcə də ABŞ administrasiyasının nəticədə hərbi addım atıb-atmayacağı hələ müəyyənləşdirilməyib. Hazırda yekun qərarın verilmədiyi vurğulanır.
Məlumata əsasən, hərbi variantların hazırlanması ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) həvalə edilib. Pentaqon rəsmisi də qurumun vəzifəsinin prezidentə hərbi variantlar hazırlamaq və təqdim etmək olduğunu bildirib.
“The Atlantic”in yazdığına görə, administrasiyada mümkün zərbələrin siyasi və iqtisadi nəticələri də nəzərdən keçirilir. Respublikaçılar Partiyasından anonim mənbə belə bir əməliyyatın prezidentin güc nümayiş etdirməsinə və yanacaq qiymətlərinin aşağı düşməsinə təsir göstərə biləcəyini iddia edib. Bu fikir mənbənin şəxsi qiymətləndirməsi kimi təqdim olunur.
ABŞ mediasının məlumatına görə, mümkün məhdud hərbi əməliyyatın daha sonra daha genişmiqyaslı hərbi əməliyyatla davam etdirilməsi variantı da nəzərdən keçirilir. Bununla belə, hazırda İran ərazisinə yeni zərbələrin nə vaxt və ümumiyyətlə həyata keçirilib-keçirilməyəcəyi məlum deyil.


























