İnternat məktəblərində təhsil alan gənclərin şəxsi inkişafına, psixo-sosial dəstəyinə və cəmiyyətə inteqrasiyasına yönəlmiş “Həssas qruplarla iş – Uğurlu Gələcək Sağlam Gənclikdən Başlayır” layihəsi uğurla başa çatıb.
layihə Bakı şəhəri və Abşeron rayonunda yerləşən internat məktəblərini əhatə edib. Layihənin əsas məqsədi internat məktəblərində təhsil alan, xüsusilə məzun olmağa hazırlaşan gənclərin özünəinamını artırmaq, sosial və fərdi inkişafını dəstəkləmək, onları müstəqil həyata hazırlamaq olub.
Layihə çərçivəsində gənclər üçün şəxsi inkişaf mövzularında təlimlər, seminarlar və qrup məşğələləri təşkil edilib. Eyni zamanda, iştirakçıların fərdi ehtiyacları nəzərə alınaraq psixoloji dəstək və fərdi inkişaf fəaliyyətləri həyata keçirilib.
Layihənin mühüm istiqamətlərindən biri gənclərin peşəyönümünün dəstəklənməsi olub. İştirakçılara müasir əmək bazarının tələbləri, aktual peşələr, düzgün peşə seçimi və peşə təhsilinin yaratdığı imkanlar barədə məlumat verilib. Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə qəbul imkanları diqqətə çatdırılıb. Bu fəaliyyətlər gənclərin gələcək karyera planlarının formalaşdırılmasına və əmək bazarına hazırlığına xidmət edib.
Bununla yanaşı, qızların şəxsi və menstrual gigiyena sahəsində maarifləndirilməsinə xüsusi diqqət ayrılıb. Sağlam həyat tərzi, şəxsi gigiyena qaydaları və gündəlik sağlamlıq vərdişləri barədə maarifləndirici sessiyalar keçirilib.
Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər gənclərin öz potensiallarını kəşf etmələrinə, ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmələrinə, emosiyalarını idarə etməyi öyrənmələrinə və gələcəyə daha inamla baxmalarına dəstək olub.
Layihənin əsas nəticələrindən biri internat məktəblərində təhsil alan gənclərin fərdi inkişafı, sosial adaptasiyası və müstəqil həyata hazırlanması istiqamətində mühüm imkanların yaradılmasıdır. Eyni zamanda, layihə həssas qruplardan olan gənclərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsinin və onların potensialının üzə çıxarılmasının vacibliyini bir daha ön plana çıxarıb.


























