Ukrayna Silahlı Qüvvələri Slavyansk və Kramatorsk istiqamətlərində əks-hücum əməliyyatları keçirərək bir sıra mövqelərdə irəliləyib. Bu əməliyyatlar Rusiya ordusunun Slavyansk-Kramatorsk aqlomerasiyasını ələ keçirmək planlarını çətinləşdirə bilər.
Vətəninfo.az-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatına istinadən verdiyi məlumata görə, Ukrayna qüvvələrinin bu istiqamətlərdəki əks-hücumları Rusiya ordusunun digər cəbhə sahələrindəki əməliyyatlarına da təsir göstərə bilər.
Hesabatda bildirilir ki, Rusiya hərbi bloqçuları Ukrayna qüvvələrinin Slavyansk və Kramatorskın şərqində irəlilədiyini etiraf ediblər. Ukrayna hərbçilərinin Ozernoye yaşayış məntəqəsini azad etdiyi, Krıvaya Luka istiqamətində, eləcə də Rai-Oleksandrivka və Nikolayevka ətrafında mövqelərini irəli çəkdiyi bildirilir.
Məlumata görə, Ukrayna qüvvələri Piskunivka ərazisində Rusiya bölmələrinə təzyiq göstərir. Həmçinin Ukrayna hərbçilərinin Severski Donets çayını keçərək Krıvaya Luka istiqamətində əks-hücuma keçdiyi qeyd olunur.
ISW analitiklərinin qənaətinə görə, Ukrayna ordusunun bu istiqamətlərdəki fəaliyyəti Rusiya qüvvələrinin Slavyansk-Kramatorsk aqlomerasiyasına doğru irəliləməsini çətinləşdirə bilər. Əks-hücumlar Rusiya bölmələrinin Severski Donets çayı və Donbas kanalı istiqamətindəki mövqelərinə də təsir göstərə bilər.
Hesabatda Nikolayevka ətrafındakı yüksəkliklərin strateji əhəmiyyəti də vurğulanır. Bu ərazilər Slavyansk istiqamətində hücum əməliyyatları üçün əlverişli mövqelər hesab olunur. Ukrayna qüvvələrinin həmin ərazidə Rusiya bölmələrinə təzyiq göstərməsi Moskvanın bu yüksəkliklərdən istifadə imkanlarını məhdudlaşdıra bilər.
ISW hesab edir ki, Slavyansk və Kramatorsk istiqamətlərindəki əks-hücumlar Ukrayna ordusunun Rusiya qüvvələrini bu aqlomerasiyadan şərqə, Severski Donets–Donbas kanalı istiqamətinə sıxışdırmaq cəhdlərinin tərkib hissəsi ola bilər.
Rusiya qüvvələri Zaporojye vilayətində Tsvetkove və Qorki yaşayış məntəqələri yaxınlığında irəliləyib.
Ukrayna Hava-Desant Hücum Qoşunlarının 7-ci Korpusunun komandanlığı isə bildirib ki, Rusiya ordusu Hulyaipole istiqamətində qüvvə və texnika cəmləşdirir. Məlumata görə, bu hazırlıqlar Rusiya qoşunlarının Zaporojye istiqamətində hücum imkanlarını artırmaq məqsədi daşıyır.


























