Xəbər verildiyi kimi, Vaşinqtonun bütün dünyada ABŞ yardımını geniş şəkildə dondurmasından sonra Donald Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) onlarla yüksək vəzifəli məmuru məzuniyyətə göndərib. USAID əməkdaşlarına göndərilən daxili memorandumda deyilir ki, yeni rəhbərlik agentlik daxilində “prezidentin icra sərəncamlarını və Amerika xalqının mandatını pozmaq üçün hazırlanmış” bir sıra hərəkətləri müəyyən edib. Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən amerikalı sahibkar İlon Mask isə USAID-i cinayətkar fəaliyyətdə ittiham edərək qalmaqallı bəyanatla çıxış edib. “X” sosial media hesabında Mask bildirib: “Bilirdinizmi ki, USAID sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla biosilah tədqiqatlarını maliyyələşdirir?”. Amerikalı sahibkar ABŞ-ın USAİD-i sonu gəlməli olan cinayətkar təşkilat adlandırıb. “USAİD cinayətkar təşkilatdır. Onun məhv olmaq vaxtı gəlib çatıb”, – o bildirib. İ. Mask digər bir paylaşımında isə USAID-i ABŞ-a nifrət edən radikal solçu marksistlərin ilan yuvası adlandırıb.
Donald Tramp administrasiyası artıq USAID-in 100-ə yaxın əməkdaşını işdən çıxarıb. Mask USAID-in fəaliyyətini dayandırmalı olduğunu bildirib və təşkilatı media təbliğatını vergi ödəyiciləri hesabına ödəməkdə günahlandırıb. Fevralın 1-dən USAID-in internet saytı fəaliyyətini dayandırıb və ertəsi gün təşkilatın “X” sosial şəbəkəsində bir milyona yaxın abunəçisi olan səhifəsi bağlanıb. ABŞ Prezidenti Donald Tramp USAİD rəhbərliyinin “radikal dəlilərdən” ibarət olduğunu bildirib. O, bunu Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə açıqlamasında deyib: “USAID-i radikal dəlilər idarə edir, biz onlarla bağlı qərar verəcəyik”.
Qeyd edilməlidir ki, USAID-in fəaliyyəti təkcə geosiyasi müdaxilə və rejim dəyişikliyi ilə məhdudlaşmır. Agentliyin cinsi istismar, korrupsiya və istismarla bağlı bir sıra qalmaqallarda da əli olub.
Xatırladaq ki, Ermənistanda da USAID geniş təsirə malikdir. Bu qurumun dəstəyi ilə Qərbin maraqları üçün lobbiçiliklə məşğul olacaq QHT-lər şəbəkəsi formalaşdırılıb. Təsadüfi deyil ki, ötən il qurum erməni dövlətinə ayırdığı yardımı 120 milyondan 250 milyon dollara qədər artırıb. Ümumiyyətlə, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra, yəni Nikol Paşinyanın baş nazirliyi dövründə USAID-in Ermənistandakı fəaliyyəti və maliyyə vəsaiti əhəmiyyətli dərəcədə artıb.
USAID-in Azərbaycandakı fəaliyyətindəki qeyri-şəffaflıq, qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, mənfi amillərdən biri agentliyin “erməni kartı”ndan istifadə ilə bağlıdır. Bu məsələdə qurumun direktoru olmuş Samanta Pauer aktiv rol oynayırdı. Hələ Barak Obama administrasiyası dövründə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi kimi çalışan Pauer “erməni soyqırımı”nın tanınmasının əsas tərəfdarlarından biri olub və ABŞ-ın “soyqırımı” tanımamasına görə dərin təəssüf hissi keçirdiyini bildirib. Ermənilərə olan rəğbəti onun bu ölkəyə dəfələrlə səfərlər etməsindən görünürdü. USAID direktoru kimi isə bu rəğbət özünü daha qabarıq nümayiş etdirirdi. 2023-cü ilin noyabrında da Pauer rəhbərlik etdiyi USAID-in Qarabağı könüllü tərk etmiş ermənilərə əlavə 4,1 milyon dollar ayırdığını, həmin şəxslərin “məcburi köçkün” olduğunu öz “X” səhifəsindəki paylaşımında bildirmişdi. Amma nədənsə, USAID rəhbərlərini nə 30 il ərzində 1 milyondan artıq azərbaycanlı qaçqının taleyi, nə erməni işğalı altında olmuş ərazilərdəki dağıntılar, nə də indiki Ermənistan ərazisində tarixən azərbaycanlılara məxsus olan dini, tarixi və mədəni abidələrin vəziyyəti maraqlandırmayıb. Təəssüf ki, qurum bütün bunları görməzdən gəlmış, azərbaycanlılara qarşı törədilmiş cinayətlərə səssiz qalmışdır. Bu da ikili standartların bariz nümunəsidir.
Prezident İlham Əliyev ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrü olduğunu, lakin bunun qarşısının alındığını bəyan edib. “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev bildirib ki, USAID adlı struktur yardım etmək istəyir, ama nədənsə bizə lazım olan məsələdə deyil. Prezident İlham Əliyev qeyd edib ki, Rusiya USAID-i qadağa etməklə doğru iş görüb. “Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”, – Prezident deyib.
Metin Hüseynov – siyasi sərhçi, politoloq