image-333backend

Vaşinqton yeni ittifaq formalaşdırır

image-reklam_sirab_01

Çinin Tayvan adası ətrafında hərbi təyyarələrinin uçuşlarının və hərbi gəmilərinin sayını artırması Vaşinqtonda narahatlıq yaradıb. Yanvar aynın ortalarında Tayvan ətrafında Çinin 5 hərbi gəmisi qeydə alınıb.

Pekin Tayvana təzyiqi getdikcə artırıb. Bunun nəticəsində Tayvan adanın perimetri boyu yeni zenit-raket qurğuları yerləşdirib. Bundan başqa Tayvanın hərbi təyyarələrinin uçuşları da artıb.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin fikrincə, müharibə ehtimalı yüksəkdir. NATO-nun keçmiş baş katibi Çinin hücumunun qarşısını almaq üçün Tayvana hərbi yardımın artırılması gərəkliyini bildirib.

Aydındır ki, Tayvana hərbi yardımı edəcək əsas və bəlkə də tək ölkə ABŞ olacaq. Bir çox ölkə Tayvana görə Çinlə müharibəyə qoşulmayacaq. Avropadan həmişəki kimi yerinə yetirilməyən açıqlamalar səsləndiriləcək. Avropa ölkələrinin bir qrupu necə ki, işğala məruz qalan Ukraynaya hərbi yardımı ləngidir, eləcə də Tayvana sözdə dəstək vədi verəcəklər. Misal üçün Rusiya Ukraynaya qarşı müharibəyə başladığı gündən Almaniya Kiyevə “Leopard” tanklarının təhvil veriləcəyini söz verib. Həmin tanklar hələ də Ukraynaya təhvil verilməyib. Kiyev Berlinin verdiyi vədi yerinə yetirməsini istəyir. Çünki hərbi yardımın gecikdirilməsi Ukraynanın Rusiyaya qarşı müqavimət gücünü azaldır.

ABŞ bu dəfə hadisələri qabaqlamağa çalışır. Fransanın “Boulevard Voltaire” dərgisində yayımlanan məqalədə Vaşinqtonun Avropa ölkələri ilə birgə Çinə qarşı ittifaq yaratmağa çalışdığı yazılıb. Yəni Çin Tayvana qarşı müharibəyə başlayarsa Pekinə qarşı ittifaq hərəkətə keçməlidir. Bu ittifaqda Avropa ölkələri ilə yanaşı bölgə ölkələri – Avstraliya, Yaponiya və Hindistan da yer almalıdır. Bütün hallarda bölgədə müharibə başlayarsa əsas yük ABŞ-ın üzərində olacaq.

Bu arada, Vaşinqton Yaponiyaya silahlanmağa və hərbi büdcəsini artırmağa razılıq verib. ABŞ-la Yaponiya arasında hərbi təlimlərin sayı artacaq. Vaşinqton Çini hərbi ritorikadan çəkindirmək üçün Pekinlə dialoqu genişləndirməyi də planlaşdırır. ABŞ dövlət katibi Entoni Blinkenin fevral ayında Pekinə səfəri planlaşdırılıb. Blinken Pekini Tayvana qarşı hərbi gücdən istifadədən çəkindirməyə çalışacaq.

“Atlas” Araşdırmalar Mərkəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki