image-reklam-veteninfo
image-1backend

Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir

image-reklam-veteninfo

Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.

Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir..

***

Prezidentliyə sabiq namizəd, siyasi ekspert Fuad Əliyevin fikrincə Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli kimliyi əsrlər boyu müxtəlif siyasi və ictimai sınaqlardan keçib, bu çətinliklər fonunda özünəməxsus dövlətçilik modelini formalaşdırıb. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə başlanğıcı qoyulan və müasir dövrdə müstəqil Azərbaycan Respublikasının ideoloji dayağına çevrilən Azərbaycançılıq milli kimliyi və dövlətçilik ənənələrini vahid bir konsepsiyada birləşdirən mühüm ideologiyadır. Bu ideya bu gün Azərbaycanın uğurlu inkişaf modelinin təməlini təşkil edir və milli birliyi möhkəmləndirən əsas faktorlardan biri kimi çıxış edir: “Azərbaycançılıq ideologiyası – Azərbaycanın müstəqil dövlət kimi inkişafının ideoloji təməli, milli kimliyin və dövlətçilik şüurunun möhkəmləndirilməsinə yönələn dərin düşüncə sistemidir. Bu ideya tarixən müxtəlif dövrlərdə formalaşsa da, onun sistemli şəkildə dövlət siyasətinə çevrilməsi və ümumxalq ideyasına yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycançılıq dövlət ideologiyası səviyyəsinə qaldırılıb və müasir Azərbaycanın inkişafında əsas aparıcı qüvvəyə çevrilib. Ümummilli Lider Heydər Əliyev Azərbaycançılığı hər şeydən əvvəl Azərbaycan xalqına xidmət etmək, milli-mənəvi dəyərləri qorumaq, dövlətçiliyi möhkəmləndirmək və milli birliyi təmin etmək kimi ali məqsədlərlə bağlayırdı.

Ümummilli Lider Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, Azərbaycanın gücü onun birliyindədir. Etnik və dini müxtəlifliyə rəğmən, bütün vətəndaşların ortaq “azərbaycanlı” kimliyi altında birləşməsi milli birliyin əsasını təşkil edir. Bu fikir onun “Biz hamımız azərbaycanlıyıq!” tezisində aydın ifadə olunub.

Azərbaycançılıq – yalnız etnik mənsubiyyət üzərində qurulan anlayış deyil. Bu, vətəndaşlıq əsaslı, bütün etnik və dini qrupları əhatə edən, ortaq tarix, mədəniyyət, dil və dövlətçilik təməlləri üzərində qurulan ümummilli ideologiyadır”.

image-2

***

F.Əliyev onu da vurğulayıb ki, müstəqil Azərbaycanın siyasi və ideoloji inkişafında Azərbaycançılıq ideyası strateji rol oynayır. Etnik və dini müxtəlifliyə baxmayaraq, Azərbaycanın bütün vətəndaşlarını ümummilli kimlik – Azərbaycanlı adı ətrafında birləşdirir. Bu amil xüsusilə Qarabağ müharibələri dövründə özünü göstərib, xalqın vahid ideya ətrafında birləşməsi qələbənin qazanılmasında əsas rol oynayıb.

Azərbaycançılıq milli dövlətin möhkəmləndirilməsini, onun müstəqil və suveren inkişafını ön plana çəkir. Bu ideologiya ölkə daxilində siyasi sabitliyin, hüquq sisteminin və idarəetmə mexanizmlərinin inkişafını təşviq edir. Azərbaycançılıq xalqın tarixi keçmişinə və milli qəhrəmanlarına dərin ehtiramı təşviq edir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində göstərilən vətənpərvərlik ruhu bu ideyanın canlı təcəssümüdür.

Azərbaycançılıq cəmiyyətdə dini və mədəni müxtəlifliyi qoruyub saxlayaraq harmoniya yaradır. Azərbaycanda yaşayan rus, talış, ləzgi, yəhudi və digər xalqlar bu siyasətin uğurunun bariz nümunəsidir: “Azərbaycançılıq ölkə daxilində ideoloji boşluğun qarşısını alaraq ümummilli bir konsepsiyanın formalaşmasına şərait yaradıb. Azərbaycançılıq ideologiyasının dövlət səviyyəsində möhkəmləndirilməsi və ümummilli bir dəyərə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən liderliyi sayəsində mümkün olub. O, bu ideyanı həm nəzəri, həm də praktik baxımdan inkişaf etdirərək Azərbaycanın gələcəyini təmin edən ideoloji əsaslar yaratdı. Bu gün Prezident İlham Əliyev tərəfindən bu ideya uğurla davam etdirilir və Azərbaycanın milli inkişaf strategiyasının təməl daşı kimi fəaliyyət göstərir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıqla bağlı fikirləri bu gün də aktuallığını qoruyur və gələcək nəsillər üçün ideoloji mayak rolunu oynayır.

Azərbaycançılıq ideologiyası, milli kimliyi qoruyan, dövlətin dayanıqlı inkişafını təmin edən və cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirən uğurlu və effektiv bir formuldur. Bu ideologiyanın uğuru onun həm tarixi köklərə söykənməsi, həm də müasir çağırışlara uyğunlaşmaq qabiliyyəti ilə bağlıdır. Azərbaycançılıq – təkcə dövlət siyasətinin deyil, hər bir vətəndaşın mənəvi kimliyinin də ayrılmaz hissəsinə çevrilib”.

***

 “Sosial Rifah və Tədqiqatlar” İctimai birliyinin sədri, araşdırmaçı-jurnalist Əkrəm Bəydəmirlinin fikrincə, tarixən Azərbaycan ərazisi bütün xalqların, etnik qrupların azad yaşadığı məkan olub. Yəni heç bir  xalqın  nümayəndəsinə qarşı ayrı-seçkilik olmayıb. Hətta ən çətin dönəmlərdə belə Azərbaycan  türkləri bu müsbət tendensiyanı qoruyub saxlayıb. Bu gün azadlıqdan ağızdolusu danışan ABŞ-da  vaxtılə qara dərililərə qarşı çox amansız münasibət, ayrı-seçkilik olub. Amma biz də tarixin bütün dönəmlərində tolerantlıq qorunub saxlanılıb. Dünyaya örnək olacaq  Azərbaycanın belə dəyərləri, bu coğrafiyada yaşayan digər xalqların bigəyaşayışını təmin edən Azərbaycançılıq ideologiyasıdır.  Bu dəyərlər sistemi hər hansı tədris yolu ilə, xüsusi təlimlərlə, qanunlarla toplusu ilə deyil, Azərbaycan türklərinin genetik təfəkküründə formalaşan prosesdir.  Hətta 70 illik totalitar sovet rejimi və digər müdaxilələr belə dəyərlər sistemini sıradan çıxara bilmədi. O baxımdan Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqlar özlərini regionda rahat hiss  edə bilərlər.  Millətin yaddaşında oturuşan Azərbaycançılıq ideologiyası yazılmayan qanunlarla tənzimlənən azad şəkildə birgəyaşayışın  möhkəm bünövrəsidir. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi”.

***

Versus.az saytının baş redaktoru Tahirə Qafarlı deyib ki, Azərbaycançılıq ideologiyası və məfhumu bütün dünya azərbaycanlılarının həmrəyliyinə, bütövlüyünə xidmət edir. Bu ideologiya  Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bir qoludur. Azərbaycançılıq ideologiyasında bütün dəyərlər cəmləşib – milli-mənəvi dəyərlər, vətənpərvərlik, vətənə, dövlətə, torpağa, millətə, xalqa sevgi, adət-ənənələr, Ana dili, din, mədəniyyət, tariximiz.. Hər bir azərbaycanlı bunlara sahib çıxmalı, mənimsəməli və bu ideologiyanın yayılmasına çalışmalıdır. Bu gün qalib və güclü Azərbaycanın vətəndaşı da güclü iradəyə malik, mübariz, vətənpərvər olmalıdır. Zaman, reallıq bunu bizdən tələb edir. Məlum 44 günlük Vətən müharibəsində qazanılan qələbə hər bir vətəndaşımız qarşısında yeni məqsəd və vəzifələr qoyub – müstəqilliyimizi, ərazi bütövlüyümüzü, kimliyimizi, dövlətçilik tariximizi, tarixdən bu günümüzədək gələn milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq. Azərbaycançıkıq ideologiyası məhz buna istiqamətlənib. Azərbaycançılıq ideologiyası hər birimiz üçün yol xəritəsidir. Dünyanın istənilən yerində yaşayan, işləyən, təhsil alan hər bir soydaşımız Azərbaycançılıq ideologiyasının daşıyıcısı olmalıdır, ona xidmət etməlidir: “2016-cı il aprel döyüşlərində, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı bütün dünya azərbaycanlıları xalq-hakimiyyət-ordu ilə həmrəylik nümayiş etdirdi. Bu onlarda vətənə, dövlətə, millətə, xalqa, torpağa bağlılıq və ən əsas ölkə liderinə olan inam və etibardan irəli gəldi.  Bu gün dünyanın hər yerində yaşayan hər bir azərbaycanlı Azərbaycançılıq ideologiyası, məfhumuna xidmət etməklə vətəninə, torpağına, millətinə xidmət etmiş olur. Azərbaycançılıq ideologiyası həmrəylik, güc deməkdir. Azərbaycançılıq ideologiyasında vətənə, xalqa, dövlətə sevgi, vətənpərvərlik, qəhrəmanlıq , birlik, həmrəylik hissləri toplanıb. Azərbaycançılıq ideologiyası, məhfumunun yayılması, inkişafı nəticəsində bu gün güclü Azərbaycan bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilib”.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması” layihəsi çərçivəsində hazırlanıb və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki