image-reklam-veteninfo
image-1backend

WSJ: ABŞ İrana qarşı yeni hücuma hazırlaşır – Körfəz ölkələrinə xəbərdarlıq edildi

image-reklam-veteninfo

ABŞ administrasiyası Konqresə aralıq seçkilərindən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi əməliyyatların başlana biləcəyi barədə Körfəz ölkələrini xəbərdar edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti diplomatik və hərbi mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ və İsrail İranı zəiflətmək və Tehranı danışıqlar masasına qaytarmaq məqsədilə yeni hərbi əməliyyatların mümkünlüyünü nəzərdən keçirirlər. ABŞ Prezidenti Donald Tramp hələlik yekun qərar verməsə də, qəzetin mənbələri onun noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra genişmiqyaslı zərbələr endirməyə meyilli olduğunu bildirirlər.

Mümkün hədəflər arasında İranın infrastrukturu və nüvə obyektlərinin də olduğu qeyd edilir.

ABŞ ordusu döyüş hazırlığını artırır

WSJ-nin yazdığına görə, ABŞ hərbi qüvvələri mümkün əməliyyata hazırlıq çərçivəsində bölgədəki mövqelərini gücləndirir. Texasdan İsrailə əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinin daşındığı, eyni zamanda İranın mümkün cavab zərbələri qarşısında risk altında qala biləcək bəzi Yaxın Şərq bazalarından hərbçilərin çıxarıldığı bildirilir.

Bundan başqa, ABŞ qüvvələri sursat ehtiyatlarını artırır, bombardmançı və qırıcı təyyarələr isə mümkün döyüş əməliyyatlarına hazırlanır.

Məlumata əsasən, gələn ay regionda fəaliyyət göstərən təxminən 20 ABŞ hərbi gəmisinə əlavə təyyarədaşıyan zərbə qrupu və dəniz ekspedisiya qüvvələrinin qoşulması da nəzərdən keçirilir. Bununla yanaşı, rotasiya çərçivəsində bəzi gəmilərin bölgədən çıxarılması mümkündür.

Ağ Evdən açıqlama

Ağ Ev konkret hərbi planlarla bağlı şərh verməkdən imtina edib. Administrasiya mövcud ola biləcək və ya olmaya biləcək məxfi hərbi planları müzakirə etmədiyini bildirib.

Bununla belə, Trampın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirdiyi vurğulanıb. Prezident daha əvvəl aralıq seçkilərdən əvvəl İrana hücum əmri vermək niyyətində olmadığını bildirmişdi.

WSJ-nin məlumatına görə, İsrail də İrana qarşı mümkün hərbi əməliyyatların bərpası üçün yeni zərbə planları və hədəflərin siyahısını hazırlayıb.

Nəşr Baş nazir Benyamin Netanyahunun İranın hərbi imkanlarını zəiflətmək və ölkədə siyasi dəyişikliklərə nail olmaq məqsədilə əməliyyatların yenidən başlanmasını dəstəklədiyini yazır.

Bununla belə, hərbi zərbələrin Tehranın güzəştə getməsinə səbəb olub-olmayacağı mübahisəli məsələ olaraq qalır. Bəzi ekspertlər hesab edirlər ki, bombardmanların bərpası İran rəhbərliyini təslim olmağa məcbur etmək əvəzinə, ölkənin raket və nüvə proqramlarını inkişaf etdirmək əzmini daha da gücləndirə bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasına bildirib ki, müfəttişlər zədələnmiş nüvə obyektlərinin bərpasına dair əlamətlər aşkar etməyiblər. Lakin həmin obyektlərə çıxışın olmaması səbəbindən İranın nüvə materiallarından başqa məqsədlər üçün istifadə etmədiyini təsdiqləmək mümkün deyil.

İran isə yeni hücumlar baş verəcəyi təqdirdə regiondakı iqtisadi və mülki hədəflərə qarşı cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.

Belə bir ssenari Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazaları, enerji infrastrukturu və Vaşinqtonun regional müttəfiqləri üçün təhlükəsizlik risklərini artıra bilər.

Qeyd edək ki, WSJ-nin məlumatı mümkün hərbi əməliyyatlarla bağlı mənbələrin açıqlamalarına əsaslanır. ABŞ Prezidentinin İrana qarşı yeni hücumlarla bağlı yekun qərar verdiyi barədə rəsmi təsdiq yoxdur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki