Xəzər Universitetində 2026 – 2027- ci tədris ilinin başlanması tədbirləri ötən illərdən fərqli olaraq, bu dəfə üç gün oldu – 14, 15 və 16 sentyabr günlərində.
Yeni tədris ilinin başlanması münasibətilə “Xəzər”də ilk təntənəli açılış mərasimi sentyabrın 14 – də keçirildi. Mərasimdə universitet rəhbərliyi, fakültə dekanları, departament rəhbərləri, əməkdaşlar, universitetə yeni qəbul olunmuş tələbələr və onların valideynləri iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlıya verildi. Həm yeni dərs ili münasibətilə universitet kollektivini, həm də universitetə yeni qəbul olunan tələbələri və onların valideynlərini təbrik edən, gələcək təhsil illərində uğurlar arzulayan Hamlet İsaxanlı xüsusi vurğuladı ki, “Xəzər”in keçdiyi möhtəşəm inkişaf yolu, beynəlxalq əlaqələri, həmçinin, bir çox digər vacib amillər, şübhəsiz, bizim universitetin seçilməyində əhəmiyyətli rol oynayıb. H. İsaxanlı əmin olduğunu bildirdi ki, yeni tələbələr mövcud ənənələri layiqincə davam etdirib, böyük məsuliyyətlə çalışacaq, göstərilən etimadı gərəyincə doğruldacaqlar.
Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva da çıxışında universitetə yeni qəbul olunan tələbələri və onların valideynlərini təbrik edərək, hər birinə uğurlu təhsil illəri arzuladı.
Xəzər Universitetində yeniliyin və gələcəyin simvolu kimi daha bir texnoloji addım təqdim olundu. Süni intellekt və robot texnologiyalarının imkanlarını bir araya gətirən robotlar yalnız texnoloji yeniliyi deyil, həm də “Xəzər”in elmə, innovasiyaya və gələcəyin təhsilinə verdiyi önəmi ifadə edir.Gələcəyin texnologiyasını iştirakçılarla tanış etmək üçün robotlar Aslan və Toplan səhnəyə dəvət olundular.
Sözləri Hamlet İsaxanlıya, musiqisi Ramiz Mustafayevə məxsus olan “Xəzərin valsı”və universitetin rəqs ansamblının bir rəqs nömrəsi təqdim edildi.
Yeni tələbələrin akademik həyatında müəllimlərin, dekanların və universitetin bütün əməkdaşlarının dəstəyi mühüm rol oynayır. Xəzər Universitetinin akademik heyəti adındantələbələrə müraciət etmək üçün söz Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasovaya verildi.
Humanitar, təhsil və sosial elmlər fakültəsinin 600 baldan yuxarı bal toplayan tələbələri – Nuray Muradlı, Səmra Cəfərli, Gülər Həmzəyeva, Sara Əliyeva və Elməddin Həsənzadə hədiyyələrin və tələbə biletlərinin təqdim olunması üçün səhnəyə dəvət olundular.
Sonra 44 günlük Vətən müharibəsi şəhidi Emin Əmrahovun “Xəzər”in tələbəsi adını qazanmış qızı Zərda Əmrahova iştirakçılara təqdim edildi.
Sonda birinci kurs tələbələri birlikdə tələbə andı içdilər.
Gün ərzində yeni tədris ilinin açılışına həsr olunmuş tədbirlər davam etdirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, “Xəzər”in rektoru, həmçinin, 1999 – 2002 – ci illər məzunu Dr. Raziyə İsayeva tələbələrə və iştirakçılara xoş arzularını bildirdilər.
Xəzər Universitetinin akademik heyəti adından tələbələrə müraciət etmək üçün söz Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bahəddinovaya verildi.
Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin Kliniki psixologiya ixtisasında təhsil alan, fakültə üzrə ən yüksək ÜOMG- si olan sonuncu kurs tələbəsi Nuranə Mikayılova yeni qəbul olunmuş tələbələrə öz təcrübəsindən danışdı və tövsiyələrini çatdırdı.
Günün çıxışları İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin birincı kurs tələbələri adından bu il ən yüksək balla Maliyyə menecmenti ixtisasına qəbul olunan Fərid Hacızadınin ürək sözləri ilə yekunlaşdı.
Sentyabrın 15- də və 16- da da yeni tədris ilinin açılış tədbirləri davam etdirildi. Bütün tədbirlərdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, “Xəzər”in rektoru Dr.Raziyə İsayeva, eləcə də fakültə, departament rəhbərləri birinci kurs tələbələrini təbrik edib xoş arzularını bildirdilər və uğurlar arzuladılar.
Sentyabrın 16- da Hasvet baytarlıq təbabəti fakültəsində keçirilən tədbir də müəyyən özəllikləri ilə seçildi. 617 balla bu fakültəyə daxil olan Xaliq Zeynallının hədiyyəsini, ağ xalatını və tələbə biletini Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva təqdim etdi. Sonra fakültənin tələbələri üçün ağ xalat geyindirmə mərasimi başlandı.
Daha sonra isə Xəzər Universitetinin akademik ənənələrinin və dəyərlərinin yeni tələbə nəslinə ötürülməsini ifadə edən simvolik “Xəzər yolçuluğu” mərasimi oldu. Yuxarı kurs tələbəsi Yeganə Bahadırova universitetin simvolunu – xüsusi hazırlanmış “Xəzər” nişanı”nı və “Xəzər”in tarixini daha dərindən öyrənmək üçün Hamlet İsaxanlının “Xəzərin sorağında” kitabını birinci kurs tələbəsi Xaliq Zeynallıya təqdim etdi.
Bəli, Xəzər Universiteti yeni tədris ilinə böyük məqsədlər, yeni təşəbbüslər və gələcəyə inamla başlayır.
https://youtube.com/shorts/8sEKsUL1rQU?si=RZUkj7qa3fiHf6Zb


























