image-reklam-veteninfo
image-asifbackend

Yeni Azərbaycan Partiyası: tarixi nailiyyətlərdən yeni strateji hədəflərə doğru

image-reklam-veteninfo
Asif Əsgərov

Milli Məclisin deputatı

Dövlətin gücü yalnız iqtisadi imkanları, hərbi qüdrəti və beynəlxalq nüfuzu ilə deyil, həm də cəmiyyətin milli ideyalar ətrafında birləşməsi, dövlətçilik düşüncəsinin qorunması və gələcək nəsillərin bu dəyərlərə bağlılığı ilə müəyyən olunur. Azərbaycanın müstəqillik tarixində bu baxımdan mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) 34 illik fəaliyyəti milli ideologiyanın qorunması, dövlətçilik ənənələrinin inkişafı və ictimai həmrəyliyin möhkəmləndirilməsi ilə səciyyələnir.

1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis edilməsi ölkənin mürəkkəb ictimai-siyasi şəraitinə təsadüf edirdi. Siyasi böhran, iqtisadi çətinliklər və torpaqlarımızın işğalı cəmiyyətdə ciddi narahatlıq yaratmışdı. Belə bir şəraitdə 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Ümummilli Lider Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqın Ona olan böyük etimadının ifadəsi idi. YAP-ın yaranması müstəqil dövlətçiliyin qorunması, milli maraqların müdafiəsi və vahid siyasi iradənin formalaşdırılması zərurətindən irəli gəlirdi.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik təmin edilmiş, dövlət ənənələri möhkəmləndirilmiş və müstəqil inkişafın əsasları yaradılmışdır. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun mühüm istiqamətlərindən biri milli-mənəvi dəyərlərin qorunması, dilimizin, tarixi yaddaşımızın və mədəni irsimizin yaşadılması idi. Bu prinsiplər Yeni Azərbaycan Partiyasının ideoloji fəaliyyətində də mühüm yer tutmuşdur. Milli maraqlara sədaqət, vətənpərvərlik və dövlət qarşısında məsuliyyət partiyanın başlıca dəyərlərinə çevrilmişdir.

Bu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və keyfiyyət mərhələsinə yüksəldi. 2005-ci il martın 26-da keçirilən YAP-ın III Qurultayında İlham Əliyevin partiyanın Sədri seçilməsi Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamlılığını təmin edən mühüm qərar oldu. Sonrakı illərdə Azərbaycanın iqtisadi və siyasi potensialının daha da gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli özünüdərkin inkişafı bu siyasi kursun mühüm nəticələri kimi özünü göstərdi.

Partiyanın ideoloji fəaliyyətində gənc nəslin xüsusi yeri vardır. Dövlətin gələcəyi gənclərin bilik və bacarıqlarından, milli dəyərlərə bağlılığından və vətəndaşlıq mövqeyindən asılıdır. Buna görə də onların yalnız ictimai-siyasi proseslərdə iştirakının artırılması deyil, intellektual potensialının, təşəbbüskarlığının və liderlik keyfiyyətlərinin inkişafı da vacibdir. Xüsusilə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə gənclərin informasiya savadlılığının yüksəldilməsi, milli maraqları dərindən dərk etməsi və tarixi həqiqətləri düzgün qiymətləndirməsi mühüm əhəmiyyət daşıyır.

YAP-ın ictimai dayaqlarının genişlənməsində qadınların fəallığı da mühüm rol oynayır. Azərbaycan qadınları tarixən milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəslin yetişdirilməsində xüsusi mövqeyə malik olub. Müasir dövrdə qadınların dövlət idarəçiliyində, parlamentdə, elm və təhsildə, iqtisadiyyatda və ictimai-siyasi proseslərdə iştirakı daha da genişlənib.

2021-ci il martın 5-də keçirilən VII Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər edildi, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının yeni tərkibi formalaşdırıldı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini təyin olunması da partiyanın siyasi və təşkilati həyatında əlamətdar hadisə oldu. 2021-ci il dekabrın 29-da təsdiqlənən yeni Proqramda dövlətçilik, iqtisadi inkişaf, sosial rifah, insan kapitalı, milli-mənəvi dəyərlər və vətəndaş həmrəyliyi əsas strateji istiqamətlər kimi müəyyənləşdirildi.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə milli ideologiyanın və vətənpərvərlik ruhunun gücünü nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün bərpası, 2023-cü il sentyabrın 20-də isə suverenliyinin tam təmin edilməsi müasir dövlətçilik tariximizin ən mühüm hadisələrindəndir. Bu Zəfər xalqımızın milli iradəsinin, dövlətə bağlılığının və nəsillər boyu qorunan Vətən sevgisinin təntənəsi oldu.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı milli həmrəyliyin əməli ifadəsidir. Yeni yaşayış məntəqələrinin salınması və infrastruktur layihələrinin həyata keçirilməsi gələcək nəsillərə ötürüləcək mühüm tarixi irs formalaşdırır. Bu prosesdə gənclərin, qadınların, ziyalıların və ictimai təşkilatların fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.

2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayı partiyanın yeni tarixi mərhələdə qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyev qurultaydakı çıxışında partiyanın ölkənin ictimai-siyasi həyatındakı roluna toxunaraq gələcək fəaliyyətin əsas istiqamətlərini diqqətə çatdırdı. Qurultayda Nizamnaməyə dəyişikliklər təsdiqləndi, 40 nəfərdən ibarət İdarə Heyətinin və 13 nəfərdən ibarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirildi.

Müasir dövrdə milli ideologiyanın qorunması və inkişaf etdirilməsi yeni çağırışlar qarşıya qoyur. Qloballaşma, informasiya müharibələri və rəqəmsal texnologiyaların ictimai düşüncəyə təsiri şəraitində milli maraqların müdafiəsi, tarixi yaddaşın yaşadılması, Azərbaycan dilinin və mədəni irsin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi ardıcıl fəaliyyət tələb edir.

Yeni Azərbaycan Partiyasının əsas missiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, siyasi varisliyi qorumaq və gələcək nəsillərin milli ideallara bağlılığını gücləndirməkdir. Gənclərin potensialına, qadınların fəallığına, ziyalıların intellektual gücünə və xalqın həmrəyliyinə söykənən bu fəaliyyət Azərbaycanın güclü dövlət kimi gələcək inkişafına mühüm töhfə verir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki