Prezident İlham Əliyev: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”
Hər bir siyasi təşkilatın gücü onun tarixi ilə yanaşı, dəyişən zamanın çağırışlarına nə dərəcədə uyğunlaşması, gələcəyə hesablanmış strategiyası və cəmiyyət qarşısında daşıdığı məsuliyyətlə ölçülür. Yeni Azərbaycan Partiyası 34 illik fəaliyyəti ərzində məhz bu keyfiyyətləri ilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutmuş, ölkənin inkişaf proseslərinin fəal iştirakçısına çevrilmişdir. 1992-ci il noyabrın 21-də Naxçıvanda əsası qoyulan Yeni Azərbaycan Partiyası bu gün geniş sosial bazaya, möhkəm təşkilati struktura və müəyyənləşdirilmiş strateji inkişaf istiqamətlərinə malik siyasi qüvvədir. Partiyanın keçdiyi yol Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilməsinin nümunəsidir.
Müasir dövrdə siyasi partiyaların qarşısında yeni vəzifələr dayanır. Qlobal siyasi proseslər, geosiyasi dəyişikliklər, rəqəmsallaşma, informasiya texnologiyalarının inkişafı və cəmiyyətin sosial tələblərinin yenilənməsi siyasi təşkilatlardan çevik yanaşma və müasir idarəetmə prinsipləri tələb edir. Yeni Azərbaycan Partiyası da fəaliyyətini bu reallıqları nəzərə almaqla qurur. 2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın təşkilati və institusional inkişafında mühüm mərhələ oldu. Qurultayda yeni Nizamnamə qəbul edildi, İdarə Heyətinin 40 nəfərdən, Təftiş Komissiyasının 13 nəfərdən ibarət tərkibi müəyyənləşdirildi, yeni qurum kimi 35 nəfərlik Veteranlar Şurası yaradıldı. Həmin qurultayda Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi də YAP-ın siyasi və təşkilati həyatında əhəmiyyətli hadisə idi. Bu təyinat partiyanın idarəçilik sistemində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, qadınların ictimai-siyasi proseslərdə fəal iştirakının əhəmiyyətini də nümayiş etdirirdi. 2021-ci il dekabrın 29-da YAP İdarə Heyətinin iclasında təsdiqlənən yeni Proqram isə partiyanın gələcək fəaliyyətinin ideoloji və strateji istiqamətlərini müəyyənləşdirdi. Beş fəsildən ibarət olan sənəd həm partiyanın inkişaf yolunu, həm siyasi dəyərlərini, həm də qarşıya qoyduğu əsas hədəfləri əhatə edir.
Partiyanın Proqramında müəyyənləşdirilmiş on strateji istiqamət YAP-ın siyasi fəlsəfəsinin əsasını təşkil edir. Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı bu prinsiplərin əsas məzmununu formalaşdırır. Bu dəyərlər bir-birini tamamlayaraq partiyanın fəaliyyətində vahid ideoloji sistem yaradır. Xüsusilə Heydər Əliyev siyasi irsinə bağlılıq, müstəqil dövlətçilik ənənələrinin qorunması və milli maraqların üstün tutulması YAP-ın siyasi kimliyinin əsasını təşkil edir. Partiyadaxili münasibətlərdə peşəkarlıq, işgüzarlıq, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, milli dəyərlərə hörmət, innovativ yanaşma, elmlilik və müasirlik kimi meyarların önə çəkilməsi də təşkilatın yeni dövrün tələblərinə uyğun inkişaf etmək niyyətini göstərir. Proqramda müəyyənləşdirilən 11 strateji hədəf isə partiyanın fəaliyyətinin konkret istiqamətlərini əhatə edir. Ulu Öndər Heydər Əliyev irsinin təbliğindən güclü iqtisadiyyatın qurulmasına, insan kapitalının inkişafından vətəndaş cəmiyyətinin gücləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasından ordu quruculuğuna və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa qədər geniş spektri əhatə edən bu hədəflər Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri ilə uzlaşır.
Prezident İlham Əliyevin siyasi yanaşmasında ümummilli məsələlərdə həmrəylik xüsusi yer tutur. Dövlətin suverenliyi, ərazi bütövlüyü, təhlükəsizliyi və milli maraqlarının qorunması bütün siyasi qüvvələrin ortaq məsuliyyətidir. “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri bu yanaşmanın mahiyyətini ifadə edir. Müasir siyasi münasibətlərdə dialoq və qarşılıqlı etimadın gücləndirilməsi, sağlam əməkdaşlıq mühitinin formalaşdırılması və siyasi rəqabətin konstruktiv müstəvidə aparılması mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyası da bu istiqamətdə siyasi dialoqun inkişafını, iqtidar-müxalifət münasibətlərinin sağlam prinsiplər əsasında qurulmasını və cəmiyyətin müxtəlif təbəqələri arasında əməkdaşlığın genişləndirilməsini vacib hesab edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcıdır. Bu tarixi nailiyyət siyasi, iqtisadi və hərbi sahələrdə həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsi olmaqla yanaşı, Azərbaycanın qarşısında yeni imkanlar və məsuliyyətlər açmışdır. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında vurğuladığı kimi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.” 2026-cı il oktyabrın 2-də keçirilən VIII qurultay məhz bu yeni reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Qurultayda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı partiyanın qarşısında duran vəzifələri və gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Eyni zamanda, partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiq edildi, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyənləşdirildi, onların üzvləri seçildi. Bu qurultay YAP-ın yeni tarixi şəraitdə fəaliyyət prioritetlərinin yenidən dəyərləndirilməsi, qarşıdakı dövr üçün təşkilati və siyasi vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir.
Yeni Azərbaycan Partiyasının siyasi nüfuzunun göstəricilərindən biri də seçkilərdə əldə etdiyi nəticələrdir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevin seçicilərin 92,12 faizinin səsini qazanması ölkənin siyasi həyatında mühüm hadisə oldu. Həmin ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində partiya 68 mandat qazandı. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə YAP-ın 5855 namizədi bələdiyyə üzvü seçildi. Bu nəticələr partiyanın seçki proseslərindəki iştirakının və təşkilati imkanlarının miqyasını göstərir. 769 811 üzvü birləşdirən YAP ölkənin ən böyük siyasi təşkilatı kimi geniş ictimai dayaqlara malikdir.
Yeni Azərbaycan Partiyasının qarşısında dayanan əsas vəzifələrdən biri əldə olunmuş tarixi nailiyyətlərin qorunması və ölkənin davamlı inkişafına töhfənin artırılmasıdır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsi, güclü iqtisadiyyatın formalaşdırılması, insan kapitalının inkişafı və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi qarşıdakı dövrün əsas prioritetlərindəndir. Bu hədəflərin reallaşdırılması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin, o cümlədən siyasi partiyaların fəal iştirakını tələb edir. YAP-ın üzərinə düşən missiya da məhz bu proseslərdə fəal iştirak etmək, dövlətçilik ideyalarını təşviq etmək və milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verməkdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi partiyanın ideoloji və siyasi fəaliyyətinin əsas istiqamətidir. Bu varislik təkcə keçmişə bağlılıq deyil, həm də yeni dövrün çağırışlarına uyğun inkişaf strategiyasıdır. Yeni Azərbaycan Partiyasının siyasi fəlsəfəsinin mahiyyəti də məhz bundadır: dünənin zəngin təcrübəsinə söykənərək bu günün çağırışlarına cavab vermək və Azərbaycanın gələcəyinə xidmət edən strateji məqsədlər uğrunda fəaliyyət göstərmək.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu
























