Dövlət qurumunda şəffaflığın ən mühüm göstəricilərindən biri yalnız görülən işləri ictimaiyyətə təqdim etmək deyil, aşkarlanan nöqsanlara münasibətdə prinsipial mövqe ortaya qoymaqdır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin tabeliyində fəaliyyət göstərən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində aparılan yoxlamanın nəticələri də bu baxımdan diqqət çəkir.
Yoxlamadan sonra idarənin rəisi Etibar Nəbiyev və bir sıra digər məsul şəxslərlə bağlı kadr tədbirlərinin görülməsi göstərir ki, ADSEA-da rəhbər vəzifə daşımaq yalnız səlahiyyət deyil, həm də ciddi məsuliyyət deməkdir.
Burada əsas məsələ konkret şəxslərin vəzifədən getməsi deyil.
Əsas məsələ idarəçilik fəlsəfəsidir.
Dövlət vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsi, vətəndaş müraciətlərinə həssas münasibət, xidmətlərin keyfiyyəti və idarəetmədə intizam kimi məsələlərdə yol verilən nöqsanların araşdırılması və nəticəsinə uyğun tədbir görülməsi dövlət qurumlarında sağlam idarəçilik mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
ADSEA sədri Zaur Mikayılovun rəhbərliyi ilə son dövrdə su təsərrüfatı sistemində əsas hədəflərdən biri məhz nizam-intizamın, məsuliyyətin və idarəetməyə ictimai etimadın gücləndirilməsidir.
Bu hadisə də bir daha göstərir:
Dövlət qurumunda vəzifə məsuliyyətdən üstün deyil. Nöqsana göz yumulmursa, bu, təkcə cəza tədbiri deyil – şəffaf və məsuliyyətli idarəçiliyin göstəricisidir.
ADSEA-da proseslərin məhz bu prinsiplər üzərində qurulması isə su təsərrüfatında aparılan islahatların nəticəyönümlü xarakter daşıdığını göstərən mühüm mesajdır.


























