image-vasif-isayevbackend

Zəfər paradı ölkəmizin müasir tarixinə möhtəşəm və unudulmaz hadisə kimi düşdü

image-reklam_sirab_01

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisədir.   Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. 3000 nəfər Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitlərinin də iştirak etdiyi paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişlər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir.

Zəfər paradı Azərbaycanın hərbi qüdrətini bir daha nümayiş etdirdi. Ölkəmizin Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olundu.

Bu tarixi zəfəri ilə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz adını Müzəffər Sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti  və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi.

Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürü kimi Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub, bu mükafatlarla  Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçilər təltif edilib və bu proses davam edir.

Vətən Müharibəsi Veteranı kimi Zəfər Paradına baxarkən ağır döyüşlər gözümün önündə canlanır, Vətəninin azadlığı uğrunda canlarını qurban verən Şəhid döyüş yoldaşlarımı, sağlamlığını fəda edən qazilərimizi  xatırlayıram. Müharibədə iştirak etmiş veteran kimi Şanlı Qələbənin Xalqımıza qazandırdığı xoşbəxtlik duyğusu mənə də rahatlıq verir. Çünki 44 günlük Vətən Savaşında qazanılan Şanlı Zəfərdə Mənim də rolum olub. Bu Qələbə nəticəsində bütün dünya Ölkəmizin gücünü, qüvvətini gördü. Artıq düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edilib. Şəhidlərimizin ruhu şaddır.

Müzəffər Ali Baş Komandanın dediyi kimi “Qarabağ Azərbaycandır” Yaşasın Müzəffər Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu!

 

Vasif İsayev

Yevlax şəhər sakini,

Vətən Müharibəsi veteranı,

ehtiyatda olan baş leytenant

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki